İsmayıllının yenidən qurulan yolları

  • 09.07.2019
  • 0

Ölkədə yol infrastrukturunun yenidən qurulması layihələri çərçivəsində yaxın gələcəkdə İsmayıllı rayonunun sakinlərinin də işi asanlaşacaq. Belə ki, bu rayon ərazisində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunan 2 yol layihəsinin icrası yekunlaşır. Bunlar başlanğıcını respublika əhəmiyyətli Muğanlı-İsmayıllı avtomobil yolunun 30-cu km-dən götürən Təzəkənd-Ağbulaq-Qoşakənd, həmçinin başlanğıcını respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 27-ci km-dən götürən Quşencə-Zoğallıq marşrutları üzrə yaşayış məntəqələrini əhatə edən avtomobil yollarıdır. Hər iki yol layihələrinin ümumi uzunluğu 15 km-dir. 

Uzun illər təmir olunmadan istifadə edildiyindən yararsız vəziyyətə düşən bu yollarda hazırda genişləndirmə işləri aparılıb, torpaq yatağının bərpası üçün yararlı material tökülərək yeni yol yatağı inşa edilib.

Mövcud olan suötürücü borular istismara yararsız vəziyyətdə olduğu üçün yollar boyu müxtəlif diametrlərə malik 191 paqon-metr uzunluğunda yeni dəmir-beton suötürücü borular, həmçinin kommunikasiya xətlərinin keçirilməsi üçün 122 paqon-metr metal borular quraşdırılıb. 

Hazırda Təzəkənd-Ağbulaq-Qoşakənd, eləcə də Quşencə-Zoğallıq yolları boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Asfaltlanma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Ümumilikdə tikintinin aparıldığı sahə 150 min kv.m-ə yaxındır.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həm ölkə əhəmiyyətli, həm də şəhər, rayon, qəsəbə və kənddaxili yollar müasir səviyyədə yenidən qurulur. Bütün bu işlər, ilk növbədə, vətəndaşların rahatlığını, nəqliyyatın və piyadaların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Belə layihələr, eyni zamanda, Azərbaycanda reallaşdırılan sosial-iqtisadi inkişafın uğurla davam etdiyini göstərir. Bu cür müasir yol layihələrinin icrası ümumilikdə regionların iqtisadiyyatına da töhfə verir, fermerlərin məhsullarını daha rahat və tez daşıması üçün əlverişli şərait yaradır.”

Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə 7 avtobus dayanacağının inşa edilməsi, hərəkətin normal təşkili üçün yol nişanları və göstəricilərin quraşdırılması nəzərdə tutulur.

Qey edək ki, adıçəkilən Avtomobil yollarının yenidən qurulması 5 mindən artıq əhalisi olan 5 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın, kənd təsərrüfatının və turizmin inkişafında mühüm əhəmiyyət kəsb edəcək.