Zakir Həsənov gənclərlə görüşdü: "Ordumuz hər bir əmri yerinə yetirməyə hazırdır"

  • 08.07.2019
  • 0

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov "Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, gənc liderlərə hərbi gəmilərin təyinatı, taktiki-texniki xassələri, döyüş qabiliyyəti, hərbi dənizçilərin istifadəsində olan silah-sursatlar, xüsusi istehkam avadanlıqları və vasitələri, sualtı axtarış və müdaxilə üçün istifadə edilən robotlar, gəmidə qəza və yanğın zamanı növbəli şəkildə görülən tədbirlər haqqında geniş məlumat verilib. Eyni zamanda qonaqlar şəxsi heyətin xidməti, sosial-məişət şəraiti ilə yaxından tanış olublar. Gəncləri maraqlandıran suallar hərbi qulluqçular tərəfindən cavablandırılıb.

Sonra tədbir iştirakçıları müasir standartlara cavab verən "N" saylı hərbi hissədə olublar. Burada gənc liderlərə Ordumuzun nümayəndələrinin NATO ilə əməkdaşlığa, beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunması prosesinə verdiyi dəyərli töhfələrdən və sülhməramlı əməliyyatlarda fəal iştirakı barədə məlumat verilib. Qeyd edilib ki, bu gün sülhməramlılarımız Əfqanıstanda NATO-nun həyata keçirdiyi "Qətiyyətli Dəstək” missiyası çərçivəsində mühüm vəzifələr yerinə yetirirlər. Şəxsi heyətimizin nümunəvi xidməti və peşəkarlığı NATO komandanlığı tərəfindən daim yüksək qiymətləndirilir.

Gənc liderlər hərbi hissədə yaradılan xidməti və sosial-məişət şəraiti ilə maraqlanıb və şəxsi heyətlə birgə nahar ediblər.

Sonra "Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçılarının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü keçirilib.

Görüşdə Müdafiə naziri Azərbaycan Ordusunda həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər, məişət və xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən quruculuq işlərindən danışaraq bildirib ki, Ordumuz işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Ali Baş Komandan İlham Əliyev tərəfindən verilən hər bir əmri yerinə yetirməyə hazırdır və qadirdir.

Gənc liderlər çıxış edərək Vətənimizin daha da qüdrətlənməsi naminə onların qarşısında duran vəzifələrin məsuliyyətini dərindən dərk etdiklərini, bu yolda əllərindən gələni əsirgəməyəcəklərini vurğulayaraq, görüşün yüksək səviyyədə təşkilinə görə Müdafiə nazirinə minnətdarlıqlarını bildiriblər. 

İştirakçıları maraqlandıran suallar general-polkovnik Z.Həsənov tərəfindən cavablandırılıb.

Sonda xatirə şəkli çəkdirilib.

Nə düşünürsən?