Nemətullah Naxçıvani kimdir?

  • 04.07.2019
  • 0

▂▃▄▅▆▇█ABUNƏ OLUN! █▇▆▅▄▃▂

▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬

Nemətullah Naxçıvani kimdir?


Nemətullah Naxçıvani Azərbaycanın Qədim Naxçıvan torpağının yetirdiyi görkəmli mütəfəkkirlərindən biridir. Onun tam adı Nemətullah Mahmud oğlu Şeyx Əlvan Naxçıvanidir.


Orta əsrlərdə yaşamış Nemətullah Naxçıvani türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, təsəvvüf və təfsir alimi kimi böyük şöhrət qazanmışdır. Nemətullah Naxçıvani 1452-ci ildə Naxçıvanda doğulmuş, dövrünün görkəmli alimlərindən təhsil almış, dünyəvi və dini elmlərə dərindən yiyələnmişdir.


O, 1478-1487-ci illərdə Naxçıvan mədrəsələrində müəllimlik etmiş, 1487-ci ildə Təbrizə gələrək burada elmi fəaliyyətlə məşğul olmuşdur. 1498-ci ildə siyasi vəziyyətin qarışması ilə əlaqədar Təbriz şəhərini tərk etmiş, İstanbula getmiş, üzvü olduğu nəqşibəndiyyə təriqətinin şeyxlərinin dərgahına üz tutmuşdu. Həmin vaxt İstanbulda çox sayda üləma və din alimləri toplanmışdı.


Amma Anadolunun elm və irfan xadimlərinə çox ehtiyacı var idi. Ona görə də tanınmış sufi şeyxi və filosof Nemətullah Naxçıvani elm və irfan yaymaq üçün indiki Konya vilayətinin Ağşəhər rayonuna göndərilir. 1499-cu ildə Ağşəhərə yerləşən Nemətullah Naxçıvani burada zaviyyə qurub sufizmin təbliği ilə məşğul olmuş, ömrünün sonuna kimi orada yaşamış, 1514-cü ildə vəfat etmişdir.


Nemətullah Naxçıvaninin elmi dünyagörüşünün formalaşmasında və kamilləşməsində Naxçıvan ictimai-mədəni və elmi mühitinin mühüm təsiri olmuş, ona “Baba” titulu burada yaşadığı illərdə sufi təriqəti tərəfindən rütbə kimi verilmişdir. Şərqin böyük filosofu Nemətullah Naxçıvaninin elmi yaradıcılığında qədim türk sivilizasiyası ilə islam dini dünyagörüşü vəhdət təşkil etmişdir. O, öz doğma dili olan türkcəylə yanaşı, ərəb və fars dillərini də bilirdi.


Nemətullah Naxçıvani məşhur elmi-fəlsəfi traktat, şərh və risalələrin müəllifi kimi Azərbaycan və Türkiyə elm tarixində mühüm yer tutur. Onun Azərbaycan, ərəb və fars dillərində yazdığı əsərləri hazırda Türkiyədə kitabxana və muzeylərdə saxlanılır.


Dərin biliyə və yüksək mənəvi keyfiyyətlərə malik olan Nemətullah Naxçıvaninin digər təfsirlərə müraciət etmədən, öz biliyi əsasında yazdığı “Qurani-Kərim”in elmi-nəzəri şərhi olan “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” (“Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi”) əsəri islamşünaslığa böyük töhfədir. Üç cilddən ibarət olan bu təfsir kitabının ilk cildində 13, ikinci cildində 20, üçüncü cildində isə 81 surənin təfsiri və şərhi yer alıb.  Naxçıvani bu əsərini 1498-ci ildə, Ramazan ayının ortalarında tamamlamışdır; öz əl yazısıyla olan nüsxəsi, Topqapı Sarayının III Əhməd kitabxanasında mühafizə olunur. 


Onun yazdığı “Hidayət-ül-İxvan”, “Risalət-ül-Vücud”, “Şərhi-əsrarin-nöqtə”, “Təhqiqat”, “Məcmuai-lətaif”, “Hidayə”, “Nikat”, “Mükaşəfə”, “Əsilə vəl əcibə” və sair kimi əsərləri də çox qiymətli yaradıcılıq nümunələridir.


Hazırda Türkiyə Respublikasındakı Ağşəhərdə bir küçəyə onun adı verilib; şəhər mərkəzində isə Nemətullah Naxçıvani adını daşıyan məscid var. Ağşəhərdə Nemətullah Naxçıvani adına İmam Hatip orta məktəbi də fəaliyyət göstərir ki, onun açılması Konya valiliyi tərəfindən 23 avqust 2003-cü ildə təsdiqlənmişdir. 


Sadə həyat tərzi sürmüş Nemətullah Naxçıvaninin Ağşəhərdə çoxlu sayda müridi olmuşdur. O, ağşəhərlilər arasında Şeyx Əlvan, Ulvanəl Akşehri, Baba Nemətullah, Baba Nemət, Baba Naxçıvani və Nemətullah Sultan kimi adlarla xatırlanır.


Onun məzarı Konya bölgəsinə bağlı Ağşəhər dərəsinin yuxarısında, Baştəkkə yolu üzərindədir və ağşəhərlilərin ən çox ziyarət etdikləri yerlərdən biridir. Əsasən də ziyarətçilər hər il may ayının 4-5-ində – Xıdırəlləz bayramı günlərində məzarın ətrafında toplaşaraq, dualar, diləklər edirlər. Məzarı 1852, 1889 və 1995-ci illərdə bərpa olunmuşdur. Osmanlı sultanlarından III Murad 1584-cü ildə onun qəbrinin olduğu yerdə “Əvkafi-zaviyə Baba Nemətullah Naxçıvani” adında bir vəqf təsis etmişdır.


Zəngin elmi-fəlsəfi irsə malik olan görkəmli mütəfəkkir Nemətullah Naxçıvani yaradıcılığının öyrənilməsi və tədqiq edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 29 oktyabr 2018-ci ildə "Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında" Sərəncam imzalamış və onunla əlaqədar Tədbirlər Planını təsdiq etmişdir.


Musiqi: Bovi 4:39 The Grand Affair Rəqs & Elektron | Parlaq

Nə düşünürsən?