Загрузка...

SSRİ-ni silkələyən, zəlzələnin dağıtdığı “Yuxu”

04.07.2019 | 1 | 0

Azərbaycanın ilk rok qrupu “Yuxu”nun yaradıcısı İbrahim Eminin 56 yaşında vəfatı ölkə ictimaiyyətində böyük üzüntü ilə qarşılanıb.

Kult.az Azərbaycan musiqisində yeni bir mərhələ yaratmış “Yuxu” qrupu və İbrahim Eminlə bağlı 10 maraqlı faktı təqdim edir:

1. “Yuxu” qrupu populyarlaşdığı dönəmdə ABŞ-ın dünyaca məşhur “Metallika” qrupu ilə müqayisə edilirdi.

2. Qrupun “Xəzərin sahilində” mahnısının sözlərinin müəllifinin kim olması ilə bağlı müxtəlif fikirlər səslənsə də, İbrahim Emin mətnin atasına məxsus olduğunu bildirib.

3. “Yuxu” qrupu 1989-cu ildə “Xəzərin sahilində” mahnısı ilə “Qızıl payız” festivalında qalib olduqdan sonra fransız bir prodüserdən Fransada fəaliyyət göstərmək üçün dəvət alır. Həmin vaxt Fransaya birbaşa çıxmaq mümkün olmadığından onlar Türkiyə vasitəsilə getməyə qərar verirlər. Lakin lazımi sənədləri əldə edə bilmədikləri üçün Fransaya gedə bilmirlər və Türkiyədə qalıb fəaliyyət göstərməli olurlar.

4. Hava limanında qrupun pullarının, biletlərinin oğurlanması barədə deyilənlər uydurmadır.

5. “Yuxu” Türkiyədə məşhur rokçu Barış Mançonun verilişində qonaq olub və ifası böyük maraqla qarşılanıb.

6. Keçmiş ANS televiziyasının prezidenti Vahid Mustafayev “Yuxu”ya “Xəzərin sahilində” mahnısına klip çəkməkdə köməklik edib. Qrup bu kliplə məşhurlaşıb.

7. İbrahim Emin 2004-cü ildə “Sirr” adlı yeni bir rok qrupu yaradıb, lakin qrup bir qədər sonra dağılıb.

8. 1988-ci ildə yaradılmış “Yuxu” qrupu o dönəm qonşu ölkələrdə böyük maraqla qarşılanmışdı. SSRİ kimi qapalı bir ölkədə belə bir qrupun yaradılması təəccüb doğurmuşdu.

9. “Yuxu”nun Türkiyədə "Xəzərin sahilində" (1988), "Sumqayıt" (1994), "Ölümə çarə yox" (1998) adlı üç albomu işıq üzü görüb. Lakin 1999-cu ildə İstanbulda güclü zəlzələ olur və dağıntılara görə musiqi dünyasında yaranmış durğunluq “Yuxu”ya da təsir edir. İbrahim Emin həmin hadisənin qrupa təsirini belə ifadə edib: “Zəlzələdən sonra hər şey bitdi. Hərə bir yana dağıldı”.

10. İbrahim Eminin rok-opera yazmaq arzusu var idi. O, bu arzusunu həyata keçirə bilmədiyini illər öncə böyük üzüntü ilə etiraf etmişdi.

Bonus: İ.Emin bildirib ki, “Yuxu” qrupunun adının gizli bir mənası var. Qrupun adı ingiliscə “Yuhu”(You who?) kimi səslənir və bu da “sən kimsən?” mənasını verir.

Nə düşünürsən?