Quba meşələrində "Qırmızı Kitab"a düşmüş ayını ovlayanlar tutuldu

  • 27.11.2017
  • 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şahdağ Milli Parkının Quba rayonu ərazisində reyd keçirən zaman 3 atlının yüklü halda hərəkət etdiyini görərək onları saxlamaq istəsələr də, atlılar şübhə doğuran yükü ataraq uzaqlaşıb. APA TV-yə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin yükə baxış zamanı kisələrin içində adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşmüş qonur ayının kəsilmiş başı, dərisi, hissələrə bölünmüş əti və ov alətləri aşkar edilib. Toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə yerli hüquq-mühafizə orqanlarına göndərilib. Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ayını qanunsuz ovlamış şəxslər müəyyən edilib. Şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilən Qonaqkənd kənd sakinləri Fariz Rəhmanovun, Aydın Nəsirovun və Pirməmməd Nemətovun ovu birgə etdikləri məlum olub. Saxlanılan şəxslər əməllərini etiraf edib. "Ayı ovunu dostlarımla etmişdik. Kəsib xurcunlara yığmışdıq. Oturub çörək yeyəndə ekologiyanın işçiləri bizi gördü. Bizə tərəf gəldiklərini görüb qaçdıq. Sonra polis bölməsindən gəldilər, hər şeyi boynumuza aldıq", - saxlanılan Aydın Nəsirov belə deyib. Onlardan ov zamanı istifadə etdikləri “İj” markalı ov tüfəngi və 6 ədəd patron götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Nə düşünürsən?