Bakıda qayın iş adamı olan yeznəsini güllələyərək amansızlıqla qətlə yetirib.
Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət gecə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.
Bəşir Bünyadov küçəsində yaşayanlar ''102'' xidmətinə məlumat veriblər ki, bir nəfər küçədə güllələnib. Hadisə yerinə ərazi üzrə 13-cü polis bölməsinin və pokurorluq orqanlarının əməkdaşları gəlib.
Araşdırmalarla müəyyən edilib ki, 47 yaşlı Məmmədov Ramiz Hümbət oğlu avtomobilində ov tüfəngi ilə güllələnib. O, qarın və ayaq nahiyəsindən iki güllə yarası ilə ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, o dünyasını dəyişib.
İstintaq qrupu hadisə yerindən cinayətdə istifadə olunmuş odlu silahın gilizlərini aşkar edib. Polis əməliyyat-axtarış tədbirləri ilə odlu silahla yeznəsi Ramiz Məmmədovu qətlə yetirən şəxsi çox çəkməyib ki, saxlayıb. Həmin şəxs mərhumun qaynı "Hozu" ləqəbli 45 yaşlı Rauf Həsənovdur.
Məlumata əsasən, qohumlar birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Biznesi hadisəni törətməkdə şübhəli bilinən şəxs idarə etsə də, "84" və "113" nömrəli avtobusların marşrut xətləri Ramiz Məmmədova məxsus olub. İstintaq versiyalarından birinə görə, qohumlar arasında münaqişəyə səbəb pul məsələsi olub. Bu aparılacaq araşdırmalardan sonra məlum olacaq.
Zaqatalada isə ər arvadını bıçaqlayaraq qətlə yetirib. Hadisə axşam saatlarında Zaqatala rayonu, Muxax kəndi ərazisində baş verib. Rayonun Suvagil kənd sakini 37 yaşlı Büllurə Qədirova əri Qədir Qədirov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisə şahidlərinin verdiyi məlumata görə, əri qadına çoxsaylı bıçaq zərbəsi vurub. Hadisə yerinə gələn təcili yardım onu xəstəxanaya aparsa da Büllurə Qədirova yolda dünyasını dəyişib.
Hər iki faktla bağlı cinayət işi başlanıb.