Yeni su və kanalizasiya şəbəkəsi

  • 14.06.2019
  • 0

Qədim tarixə və zəngin turizm imkanlarına malik Qəbələ şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə icra olunan layihə yekunlaşmaq üzrədir. Artıq şəıhərdə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb. 


Mətn- Son illər Qəbələ şəhərinin sürətli inkişafı, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və yeni turizm obyektlərinin istifadəyə verilməsi bu qədim bölgəni böyük turizm mərkəzinə çevirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində digər şəhərlərdə olduğu kimi Qəbələdə də istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması mühüm əhəmiyyət daşıyır. 

“Azərsu” ASC tərəfindən icra olunan layihə çərçivəsində Qəbələ şəhərində əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Dəmiraparançayın yatağında 8 subartezian quyusu qazılıb. Su mənbəyindən Qəbələ şəhərinə 10,5 km magistral su xətti çəkilib. Layihə çərçivəsində şəhərdə ümumi tutumu 10400 kubmetr olan 6 su anbarı, xlorator qurğusu və laboratoriya binası inşa edilib. Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncama əsasən Qəbələ şəhərində su təchizatı və kanalizasiya sistemlərinin tikintisi sürətləndirilərək başa çatdırılıb. Şəhərdə yeni içməli su və kanalizasiya şəbəkələri inşa edilib və 7 mindən çox ünvan yeni şəbəkələrə qoşulub. 


Qəbələ şəhərində 132 km içməli su şəbəkəsi tikilib və bütün abonentlər yeni şəbəkəyə qoşulub. Ümumi uzunluğu 123 km olan kanalizasiya şəbəkəsinin və tullantı sularının təmizləyici qurğuya ötürülməsi məqsədilə 8,2 km uzunluğunda kanalizasiya kollektorunun tikintisi də yekunlaşmaq üzrədir. Qəbələ şəhərində yaranacaq tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 4400 kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi də yekunlaşmaq üzrədir. 


Ümumilikdə Qəbələ şəhərində icra olunan içməli su və kanalizasiya layihəsindən 30 min nəfər faydalanacaq. Abonentlərə göstərilən müştəri xidmətlərinin yaxşılaşdırılması məqsədilə layihə çərçivəsində Qəbələ Sukanal Sahəsi üçün müasir tipli inzibati binanın tikintisi yekunlaşmaq üzrədir. Qeyd edək ki, Qəbələ şəhərində 1950-60-ci illərdə yaradılmış ilk su təchizatı və kanalizasiya sistemləri şəhəri tam əhatə etmirdi və istismara yararsız vəziyyətə düşmüşdü. 

Nə düşünürsən?