ABŞ İranla bağlı şok görüntü yaydı

  • 14.06.2019
  • 0

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Oman körfəzində hücuma məruz qalan gəmilərlə bağlı yeni məlumat yayıb.

Redaktor.az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, bəyan edilib ki, təxribat hadisələri cavabsız qalmayacaq. Həmçinin, bölgədəki vəziyyəti nəzarət altında saxlamaq üçün əraziyə “USS Mason” hərbi gəmisi göndərilib. Eyni zamanda, Komandanlıq gəmilərə təşkil edilmiş hücumlara dair videogörüntülər yayıb. Görüntülərdə partlayışdan sonra naməlum qüvvələrin qayıqla gəmiyə yaxınlaşdığı əks olunur.

ABŞ hərbçiləri iddia edir ki, həmin qüvvələr iranlı hərbçilərdir. “Onlar tankerdə yerləşdirilmiş, lakin işə düşməyən partlayıcı qurğunu götürməklə iz itirməyə çalışıblar” - deyə açıqlamada qeyd olunub. Lakin görüntülər keyfiyyyətli olmadığından hərbçilərin hansı ölkəyə məxsus olduğunu müəyyən etmək olmur.

Xatırladaq ki, ötən gün Oman körfəzində üzən iki neft tankerində şiddətli partlayış baş verib. İddialara görə, İran sahillərinə yaxın ərazidə qeydə alınan partlayışlar, gəmilər hücuma məruz qalandan sonra qeydə alınıb. 44 nəfərdən ibarət heyət üzvləri təxliyə edilərək, İrana məxsus dəniz limanına gətirilib. Gəmilərin Marşal adaları və Panamaya məxsus şirkətlərə aid olduğu bildirilir. Tankerlər, Birləşmiş Ərəb Əmirliklərinə məxsus Əbu-Dabi limanında yüklənən nefti daşıyırmış.