Bakıda parkinq hərc-mərcliyi yaşanır

  • 13.06.2019
  • 0

Paytaxt küçələrində sözün əsl mənasında parkinq hərc-mərcliyi yaşanır. Park yerlərini zəbt edən bir qrup adam sürücülərdən pul tələb edir. Avtomobili park edən sürücülər narazılıq edir, nəzarətçilər isə onlardan dayanacağa görə pul almaqda davam edirlər.

Xezerxeber.az-ın məlumatına görə, Bakı Dəmiryolu Vağzalının yaxınlığındakı avtomobil dayanacağında da vəziyyət eynidir. Burada nəzarətçilər avtomobili park edən sürücülərə yaxınlaşaraq onlardan parklanmaya görə pul alırlar. Çəkiliş qrupunu görən nəzarətçilər qaçmağa çalışsalar da, onlardan birini yaxalaya bildik.

Nəzarətçi bildirir ki, sürücülərə parkinqə görə qəbz verilir. Qəbzin üzərində xidmət göstərən şirkətin adı "ASA parkinq" kimi qeyd olunub. Bununla yanaşı, qəbzin üzərində avtomobilin parkinqə daxil olduğu və çıxdığı vaxtlar da yazılıb. Nəzarətçi bildirdi ki, yığılan pullar "ASA parkinq"in büdcəsinə daxil olur. Parkinqdə avtomobili 30 dəqiqə saxlamağa görə 50 qəpik, 1 saat saxlamağa görə isə 1 manat pul alınır.

Metronun "28 may" stansiyasının qarşısında da eyni vəziyyət hökm sürür.

Parklanmaya görə qanunsuz pul yığılmasından əziyyət çəkənlər isə sürücülər olur. Sürücülər arasında parklanmanın qanuni fəaliyyət göstərdiyini zənn edib nəzarətçilərə pul verənlər də var, parklanmanın qanunsuz fəaliyyət göstərdiyini bilib pul verməyənlər də.

Bakı Nəqliyyat Agentliyindən ''Xəzər Xəbər''ə bildirildi ki, hazırda küçə parklanma yerlərinin idarə olunması Agentlik tərəfindən həyata keçirilmir. Üstəlik, belə yerlərindən istifadəyə dair tariflər də hələ müəyyən edilməyib. Bununla bağlı Bakı Nəqliyyat Agentliyi Nazirlər Kabinetinə müraciət edib.

Nə düşünürsən?