Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinə zərər vurmaq istəyirlər

  • 13.06.2019
  • 0

Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinə xələl gətirmək istəyən qüvvələr yenidən fəallaşıb. Xüsusilə Türkiyədə ötən həftə baş verən hadisələr belə deməyə əsas verir. Ötən həftə Ermənistan hökuməti yanında idman, mədəniyyət və turizm təşkilatının keçmiş rəhbəri İsxan Zakaryan başda olmaqla, bir qrup erməni ictimai xadim Türkiyənin Qars şəhəri bələdiyyəsi tərəfindən qəbul edilib. Görüş zamanı müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb. Çəkilmiş fotoşəkillər Qars bələdiyyəsinin rəsmi tvitter səhifəsində yayımlanıb. HDP partiyasından 2 aydan çoxdur ki, bələdiyyə sədri seçilən Ayhan Bilgen də görüş haqqında yaydığı məlumatda qeyd edib ki, ziyarətə gəlmək istəyənə ev sahibliyi etmək nəzakətdir.

Xezerxeber.az-ın məlumatına görə, bunun ardınca isə Ermənistanın paytaxtı Yerevandan Türkiyənin Van şəhərinə təşkil edilən birbaşa aviareysin videogörüntüsü yayılıb. "Ermenihaber.am" saytının yaydığı görüntülərdə iddia olunur ki, Yerevandan havaya qalxan və Gürcüstan hava yollarina aid sərnişin təyyarəsi 35 dəqiqədən sonra Van şəhərində yerə enib.Təyyarənin sərnişinləri bu ilin avqust ayinda işğal altinda olan Qarabağda keçirilməsi planlasdirilan "Ümumerməni oyunlari"nin təşkilat komitəsinin üzvləri olub. Onların arasında erməni diasporunun məşhur simalarından olan ABŞ-dan Alber Boyacyan, həmçinin erməni yazıçı Roland Saroyan, Nikol Pasinyanın partiyasından olan millət vəkili Taquhi Tovmasyan, Ermənistan Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Edik Minasyan və digərləri olub. Daha sonra nümayəndə heyəti Van bələdiyyə sədri, HDP partiyasının üzvü Bedia Özgökçə ilə görüşüblər.

Yayılan məlumatları şərh edən politoloq Elxan Şahinoğlu qeyd edib ki, bu cür səfərlərin məqsədi Azərbaycanla Türkiyə arasında gərginlik yaratmaqdır. Politoloqun sözlərinə görə, Qars və Van bələdiyyələrinin PKK təşkilatına isti münasibət bəsləməsi ermənilərin oralara ayaq açmasına şərait yaradıb.

Elxan Şahinoğlu bildirib ki, Qars və Van bələdiyyələrindəki erməni heyətlə görüşlərin keçirilməsi Türkiyənin rəsmi mövqeyi deyil.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr üzrə sədr müavini Mehmet Ceylan bir neçə gün əvvəl Yerevandan Türkiyənin Van şəhərinə təyyarə reysinin baş tutmasına və Qarabağda separatçi erməni rejimi tərəfindən təskil olunan "Ümumerməni oyunları"nın məşəlinin Türkiyədə yandırılması məsələlərinə münasibət bildirib. Mehmet Ceylan açıqlamasında deyib: "AK Parti bu cür təxribatları xoş qarşılamır. Biz Türkiyə olaraq bölgədə sülhdən yanayıq. Bölgədə baş verən hadisələr fonunda bir normallaşma gözlədiyimiz halda regionda gərginliyi artıracaq təxribatlardan tərəflərin qaçmasını istəyirik".

Nə düşünürsən?