Nikol Qarabağda buna çalışır, Rusiya imkan vermir

13.06.2019 | 2 | 0

Nikol Paşinyan çalışır ki, Qarabağ separatçıları Rusiyaya deyil, yalnız ona tabe olsun.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli Paşinyan hökumətinin Qarabağ separatçılarına maliyyə dəstəyi göstərməkdən imtina etməsi xəbərinə münasibət bildirərkən deyib. O qeyd edib ki, Paşinyan istəsə belə, Qarabağda hakimiyyətə tam sahib ola bilməyəcək:

“Paşinyanın əsas məqsədi Qarabağda ona bağlı olan adamları yerləşdirməkdir. Bunun üçün o, Qarabağ separatçılarının “təhlükəsizlik şurası”nın katibi Vitali Balasanyanı istefaya göndərir. Lakin Paşinyan özü də yaxşı bilir ki, Dağlıq Qarabağ separatçıları ümumiyyətlə İrəvana tabe deyil. Qarabağ birbaşa Rusiyaya tabedir və Bako Saakyan əmrləri Moskvadan alır. Paşinyan cəhd edir ki, bunu dəyişsin və Rusiyanın orda olan nəzarətini aradan qaldırsın. Mən düşünürəm ki, bu, Paşinyanda heç vaxt alınmayacaq. Çünki Dağlıq Qarabağı Moskva heç vaxt İrəvana verməyəcək. Bu baxımdan Paşinyan ora müdaxilə etməyə çalışsa da, istədiyi nəticəni ala bilməyəcək”.

Politoloq qeyd edir ki, Paşinyanın Qarabağa maliyyə yardımını kəsməsi separatçılar üçün o qədər də önəmli olmayacaq:

“Hesab edirəm ki, Ermənistanın baş naziri bunu etməklə çalışır ki, separatçıların vəziyyəti daha da ağırlaşsın və ona tabe olmaqdan başqa çarələri qalmasın. Lakin hər kəs bilir ki, separatçılara ən böyük dəstəyi Rusiya verir”.

Qeyd edək ki, Paşinyan hökumətinin Qarabağ separatçılarına maliyyə dəstəyi göstərməkdən imtina etdiyi barədə xəbər yayılıb.

Nə düşünürsən?
Loading...