Amerikalılar ənənəvi bayramlarını qeyd edirlər

  • 25.11.2017
  • 0

Hər il Amerikada noyabrın sonuncu cümə axşamı Şükranlıq günü kimi qeyd edilir. Bu ənənə 1621-ci ilin payızından başlanır. O vaxt Plimut koloniyasının ilk sakinləri bol məhsul götürüb və bunu üç gün bayram keçirməklə qeyd ediblər. Beləliklə, hələ də hər il qeyd olunan Şükranlıq Günü bayramı yaranıb. 1619-1620-ci illərdə bu qitəyə gəlmiş ilk sakinlərin yarısı sərt qış şəraitinə dözməyərək soyuqdan və xəstəliklərdən həyatını itirib. Qalan gəlmələr yerli hindilərin köməyi ilə salamat qalıblar. Hindilər onlara yerli bitkiləri yetişdirmək və daşlı-çınqıllı torpağı məhsuldar vəziyyətə gətirmək yollarını öyrədiblər. İlk amerikalılar yaxşı məhsul əldə edəndən sonra Tanrıya şükür etmək və yerli hindilərlə bərabər bayram keçirməyi qərara alıblar. 1863-cü il oktyabrın 3-də isə Prezident Avraam Linkoln Şükranlıq Gününü dövlət bayramı elan edib. Şükranlıq günündə amerikalılar ailəliklə bir süfrə arxasında toplaşırlar. Süfrədə hökmən şirin kartofla hind toyuğundan hazırlanmış yemək olmalıdır. hər il Şükranlıq Günündən əvvəl Ağ Evdə keçirilən xüsusi mərasimdə ABŞ Prezidentinə hind toyuğu təqdim edilir. Prezident Amerika xalqını Şükranlıq Günü münasibəti ilə təbrik edir və hind toyuğunun əfv olunması barədə rəmzi qərar çıxarır.

Nə düşünürsən?