Gədəbəy yollarında təmir

  • 12.06.2019
  • 0

Gədəbəy rayonunda 22.2 km. uzunluğa malik avtomobil yolları yenidən qurulur.Başlanğıcını respublika əhəmiyyətli Gədəbəy-Şəmkir avtomobil yolundan götürən Arıqdam-Söyüdlü-Soyuqbulaq avtomobil yolu 2 istiqamət üzrə yenidən qurulur. Bu 16 km. uzunluğa malik Arıqdam-Soyuqbulaq və 6.2 km. uzunluğa malik Soyuqbulaq-Günəşli avtomobil yollarıdır. Sözügedən yollar 4-cü texniki dərəcəyə uyğun inşa edilir.Yolların uzun müddət təmir olunmadan istismarı nəticəsində yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmiş, yolun 2840 metr hissəsi ortalama 1.5 metr dərinlikdə yararsız vəziyyətə düşmüşdü. Sadalanan problemlərin, o cümlədən yollar boyu hərəkət nəticəsində yaranmış maneələrin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol boyu lazımi sayda qüvvə cəlb etməklə təxirəsalınmaz tədbirlərə start verib.

“Mövcud suötürücü borular yararsız vəziyyətdə olduğu üçün layihə çərçivəsində yenilənməsi işləri də aparılır. Belə ki, yol boyu müxtəlif diametrlərə malik 242 paqon-metr uzunluğunda dairəvi dəmir-beton borular quraşdırılıb izolyasiyua olunur. Bundan başqa yolun qazma hissəsində mövcud küvetlər tam dolduğu üçün 14 590 paqon-metr uzunluğunda küvetlər təmizlənir.”

Hazırda yolun 130 min kv.m-dən çox sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənir. Layihənin sonuncu mərhələsində yol çiyinlərinin optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi, yol birləşmələrinin təmiri, zəruri olan yerlərdə avtobus dayanacaqları quraşdırılması işləri görüləcək, avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yol kənarında 1090 paqon-metr uzunluğunda əyrixətli tirlər və dirəklər quraşdırılacaq, hərəkətin normal təşkili üçün yol nişanları və siqnal dirəkləri qoyulacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək. hər iki istiqamət üzrə yolların əsaslı şəkildə yenidən qurulmasında məqsəd vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını rahatlaşdırmaqla qeyd olunan ərazilərdə vətəndaşların sosial rifah halına müsbət təsir edən kənd təsərrüfatının və turizmin inkişafını sürətləndirməkdir.

Nə düşünürsən?