Millimizin 3-cü sınağı

  • 11.06.2019
  • 0

Bu gün futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Slovakiya kollektivi ilə üz-üzə gələcək.

Bu, komandamızın E qrupunda üçüncü matçı olacaq. Seçməmizin heyətində yeganə itki zədəli Eddi İsrafilovdur.

Slovakiyalılardan isə Miroslav Stox səhhəti ilə əlaqədar Bakıya gətirilməyib.

Qonaqların baş məşqçisi Pavel Hapal daha öncə Dominik Qreyf, Samuel Mraz, Martin Xrien, Lukaş Ştetin və Laslo Benesin adını da 29 nəfərlik heyətdən çıxarıb.

Azərbaycan millisi tarix ərzində Slovakiya komandası ilə 6 dəfə üz-üzə gəlib.

Bunların 5-də rəqib qələbə qazanıb. Futbolçularımız 2001-ci ildə keçirilən dünya çempionatının seçmə mərhələsində slovakiyalıları Bakıda 2:0 hesabı ilə üstələyib.

Tərəflər arasında reallaşacaq 7-ci duel 8 km qəsəbə stadionunda baş tutacaq.

Saat 20-də başlayacaq görüş Con Bitonun rəhbərlik etdiyi şotlandiyalı hakimlər briqadasına həvalə olunub.

Xatırladaq ki, millimiz seçmə mərhələnin ilk oyununda Zaqrebdə Xorvatiyaya 1:2, ardınca isə Bakıda Macarıstana 1:3 hesabı ilə uduzub.