Andjey Duda Polşaya döndü

  • 01.06.2019
  • 0

Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar var. Bu fikirləri prezident İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudanın şərəfinə verilən rəsmi ziyafətdə deyib. 

İnanıram ki, apardığımız danışıqlar, əldə olunan razılaşmalar və imzalanan sənədlər əlaqələrimizin daha da genişlənməsinə öz töhfəsini verəcək.

Azərbaycan və polşa xalqı arasında əlaqələrin tarixi köklərinin olduğunu vurğulayan ölkə başçısı, vaxtilə Azərbaycanda məskunlaşmış polşalıların ölkəmizin ictimai-siyasi və iqtisadi həyatında fəal rol oynadıqlarını da bildirib. Tarixi münasibətlərimizin müasir dövrdə də əməkdaşlığımızın inkişafı üçün möhkəm təməl yaratdığını deyən prezident İlham əliyev bir çox sahələrdə uğurlu qarşılıqlı əlaqələrin həyata keçirildiyini bildirib.

Ölkələrimiz arasında Şərq-Qərb və Şimal-Cənub dəhlizləri çərçivəsində nəqliyyat sahəsində əməkdaşlıq üçün geniş imkanlar var. Azərbaycan regionda təhlükəsizliyin, inkişafın və əməkdaşlığın tərəfdarıdır.

Prezident İlham Əliyev regionun ən ağrılı problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qaldığından da danışıb. Dünya birliyinin Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, ədalətli həllinin tərəfdarı olduğunu deyib. Prezident İlham Əliyev Polşa tərəfinə münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyinə görə minnətdarlığını bildirib.

Sonra Polşa Prezidenti Andjey Duda çıxış edərək görüşü ölkələrimiz və xalqlarımız arasındakı yaxşı münasibətlərin ən bariz təsdiqi adlandırdı. Baxmayaraq ki, Bakı və Varşavanı 3000 kilometrdən çox məsafə ayırır, amma paytaxtınız hər bir polşalı üçün yaxın bir şəhərdir.Polşalı Stefan Jeromskinin “Erkən bahar” əsərinin xalqlarımızı daha da yaxınlaşdırdığını vurğulayan Polşa Prezidenti Andjey Duda Polşa memarlarının xatirəsinə lövhə açılması, xüsusi poçt markasının buraxılması və Bakının mərkəzi küçələrindən birinin “Polşa memarları” adlandırılmasını onların xatirəsinin yüksək səviyyədə anılması kimi dəyərləndirdi və buna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək dedi:

Əlaqələrimizin əsasında hər iki xalqı birləşdirən gözəl bir keçmiş var. İndiki zamana gəlincə isə, deyə bilərəm ki, əlaqələrin gələcəyinə əminəm. Müasir Azərbaycan Polşa tərəfindən regionda iqtisadi lider və Asiya ilə Avropanı birləşdirən körpünün qurulmasında əsas rol oynayan ölkə kimi qəbul edilir.

Avropa İttifaqı ilə əməkdaşlığa toxunan Polşa Prezidenti qeyd etdi ki, “Şərq tərəfdaşlığı” proqramı Avropa İttifaqı ilə əlaqələrin daha da möhkəmləndirilməsi üçün yaxşı platformadır. Andjey Duda bir daha əminliklə bəyan etdi ki, Polşa hər zaman ərazi bütövlüyü beynəlxalq hüquqla təmin olunan suveren Azərbaycanın tərəfində olacaq. Qeyd edək ki, Polşa Prezidenti Andjey Dudanın Azərbaycana rəsmi səfəri artıq başa çatıb. O, yola düşməzdən əvvəl Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib.

Nə düşünürsən?