Tədqiqatçılar üçün mükəmməl vasitə

  • 23.05.2019
  • 0

Gənc tədqiqatçı İnqilab Şahbazovun "Tədqiqat metodları" kitabının təqdimat mərasimi və imza günü keçirilib.


Kitabın tədqiqat aləminə giriş olduğunu bildirən müəllif qeyd edib ki, bu tədqiqat əsəri praktiki vəsaitdir:


2015-ci ildə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində ədliyyə sistemi üzrə magistratura təhsili alarkən bu kitabı yazmaq ideyası yarandı. 2016-ci ildə kitabın ilkin versiyası hazır idi. Növbəti 3 il ərzində kitabı daha da təkmilləşdirdim. Kitab metodologiya elminin nəzəriyyəsini öyrənmək, müxtəlif sahələr - sosial, siyasi və iqtisadi elmlər, habelə biznes araşdırmaları üzrə müstəqil surətdə və komanda şəklində tədqiqat aparmaq istəyən şəxslər üçün nəzərdə tutulub. Kitabın 40-50 faizini cədvəllər və nümunələr tutur. Bütün yaş kateqoriyasından olan insanlar, əsasən də, tələbələr üçün kitabın maraqlı olacağını düşünürəm. Kitab mümkün qədər sadə dildə yazılıb.


İnqilab Şahbazov Böyük Britaniyanın Şeffilf Universitetində sosiologiya üzrə bakalavr, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində isə ədliyyə sistemi üzrə magistratura təhsili alıb. O, hər iki təhsil müddətində kriminologiya, hüquq və cəza mövzularına dair tədqiqatlar aparıb, kriminologiya üzrə 2 dissertasiya müdafiə edib. İ. Şahbazov 2018-2019-cu illərdə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə aparılan, dünyada və Azərbaycanda azadlıqdan məhrumetməyə alternativ cəza tədbirlərinin araşdırıldığı tədqiqatın rəhbəri, "Sosioloji nəzəriyyələr" kitabının müəllifidir. 


İnqilab Şahbazov həmtəsisçisi olduğu Azərbaycan Elm Assosiasiyasının həmsədridir.


Tədbirdə Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc və digər şəxslər iştirak ediblər.

Nə düşünürsən?