Para Cüdo yarışları uğurla başa çatıb

  • 16.05.2019
  • 0

Bakıda  “Ruhun zəfəri” şüarı altında Qran-Pri yarışı keçirilib. Ölkəmizdə mötəbər yarışların keçirilməsi belə bir turnirin Bakıya salınmasına səbəb olub. Dünyanın 35 ölkəsindən idmançılar bu yarışda iştirak edib.

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerin nitqindən sonra hər iki şəxs bir-birini mükafatlandırıb. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev çıxış edib:

“Belə yarışın keçirilməsinə görə hamını təbrik edirəm. Azərbaycanın çox zəngin cüdo tarixi var. Bizim saysız-hesabsız qəhrəmanlarımız var. Həmçinin, belə qəhrəmanlarımız paracüdoda da mövcuddur. Onlar artıq göstərdikləri nəticələri ilə özlərini sübut ediblər.

Paracüdoçularımızın hər birini Tokio Paralimpiya Oyunlarında görmək istərdik. Xahiş edərdim ki, tribunalarda olan azarkeşlər onları dəstəksiz qoymasın. Hamıya uğur, hamıya zəfər arzulayıram”.

Daha sonra Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov çıxış edib. Azərbaycan himni səsləndirildikdən sonra bədii hissə baş tutub.

    Paytaxtımızda 13-14 may tarixlərində keçirilən Qran-Pri yarışından kəsilmiş idmançıların sayı bilinib. 

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, yarışda iştirak etmək üçün 35 ölkədən 223 idmançı Azərbaycana gəlib. 

Onlardan 11 nəfəri beynəlxalq tibbi təsnifatdan kəsildikləri üçün yarışdan kənarlaşdırılıb. Kəsilənlər arasında millimizin iki üzvü də olub. Bunlar Murad Əliyev (-60 kq) və Zaməddin Poladovdur (-73 kq).

Beləliklə, 212 nəfər yarışda öz gücünü sınayıb. Onlardan 150 nəfəri kişi, 62 nəfəri isə qadın olub.

İdmançılardan əlavə yarışlarla əlaqədar Bakıya gələn şəxslərin sayı 143 nəfər olub. Onlardan 18-i beynəlxalq dərəcəli hakim, altısı beynəlxalq tibbi təsnifatı həyata keçirən həkim, yeddi nəfər texniki heyət, 112 nəfər isə idmançılara xidmət göstərən heyət olub.

Yarışlarda İtaliya Görmə Məhdudiyyətli İdmançıların Paralimpiya İdman Federasiyası nümayəndə heyəti prezident və vitse-prezidentlər səviyyəsində təmsil olunub.

Beləliklə, yarışla əlaqədar paytaxtımıza gələn qonaqların sayı ümumilikdə 400 nəfərə yaxın olub.

İdmançılar 13 dəst – 52 ədəd medal uğrunda mübarizə aparıb. 35 ölkədən yalnız 20 ölkə vətənə medalla dönə bilib.

Azərbaycan paralimpiyaçıları üç qızıl, dörd gümüş və dörd bürünc medal qazanıblar. Bununla millimiz 11 medal sayına görə birinci, Özbəkistan səkkiz medalla ikinci, Rusiya isə beş medalla üçüncü yerə çıxıb.

Medalların əyarına görə isə Özbəkistan birinci (dörd qızıl), Azərbaycan ikinci (üç qızıl), Ukrayna isə üçüncü (bir qızıl) yerdə qərarlaşıb.

Nə düşünürsən?