Millət vəkili əhalini qərar verməyə səslədi

  • 15.05.2019
  • 0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev vətəndaşları QHT layihələrinin maliyyələşdirilməsiylə bağlı qərarvermə prosesində fəal iştiraka çağırıb.

Axar.az xəbər verir ki, o, layihənin qiymətləndirilməsində vətəndaşlara yaradılan bu imkanların hər şeydən öncə Şuranın fəaliyyətində şəffaflıq amilini daha da gücləndirdiyini və cəmiyyətdə qərar qəbuletmə prosesində vətəndaş iştirakçılığının təmin olunmasına xidmət etdiyini bildirib:

“Şura 2019-cu ildə 20 elektron xidmətin vahid bazada birləşdiyi SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemini yaradıb. SƏLİS-ə daxil olan proqramlar arasında innovativliyi ilə seçilən və layihələrin qiymətləndirilməsi prosesində ölkə vətəndaşlarının iştirak edəcəyi yeni e-vətəndaş proqramı mayın 14-dən etibarən istifadəyə verilib və 7 iyuna kimi davam edəcək.

İndiyədək Şura üzvləri layihələrin maliyyələşdirilməsi zamanı ekspert rəyinə və layihə icrası ilə bağlı Katibliyin hər bir QHT haqqında təqdim etdiyi arayışa istinad edərək qərar qəbul edirdi. Bu gündən etibarən isə layihələrin maliyyələşdirilməsinə hər bir Azərbaycan vətəndaşının da rəy bildirmək və onları qiymətləndirmək imkanı olacaq.

Bu xidmət bütövlükdə ictimai sektorun fəaliyyətinin daha geniş miqyasda təbliğinə, QHT layihələrinin həm maliyyələşdirilməsində, həm də icrasında rəqabət və məsuliyyət hissinin daha da artırılmasına şərait yaradacaq. Şura vətəndaşları təkcə layihələrin maliyyələşdirilməsi prosesinə cəlb etməklə kifayətlənməyəcək, onlara həm də digər proqramlar vasitəsilə layihələrin hesabatlılıq vəziyyətini müşahidə etmək imkanı yaradacaq. Bu da öz növbəsində layihələrin icrasına və keçirilən tədbirlərə ciddi ictimai nəzarət mexanizminin tətbiqi baxımından mühüm yenilikdir.

Layihələrin maliyyələşdirilməsində bütün vətəndaşların iştirakı və bütövlükdə Şuranın tətbiq etdiyi digər yeniliklər, ölkədə aparılan geniş islahatlara ictimai dəstək verməklə yanaşı, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, azad və obyektiv vətəndaş rəyinin nəzərə alınmasına və cəmiyyətdə sosial ədalətin daha da güclənməsinə xidmət edəcək”.

Nə düşünürsən?