Avropa Regional Sosial təminat forumu

  • 14.05.2019
  • 0

Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumu işə başlayıb.

forumun açılışında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın Avropa qurumları ilə əməkdaşlığının daim inkişaf etdiyini vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatların sosial təminat sahəsində də uğurlu nəticələr verdiyini, sosial müdafiə sisteminin gücləndirilməsi və müasir, şəffaf iş üsulları üzərində qurulması istiqamətində mühüm addımlar atıldığını deyib.

BSTA-nın prezidenti Yoakim Bröyer bu gün Avropa ölkələrinin sosial təminat sistemlərində idarəçilik mexanizmlərinin əsas çağırışlara uyğun təkmilləşdirilərək mükəmməl şəkildə qurulması, problemlərin həll olunması üçün aparılan islahatlarda qarşılıqlı əməkdaşlıq mühitinin, qabaqcıl təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 15 ildir ki, BSTA ilə səmərəli əməkdaşlıq həyata keçirən ölkəmizin ötən dövrdə bu təşkilatın bir sıra tədbirlərinə ev sahibliyi etdiyini deyib. O bu dəfə BSTA-nın Avropa Regional Sosial Təminat Forumu kimi yüksək səviyyəli mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin fəxr hissi doğurduğunu bildirib.

Qeyd edək ki, BSTA-nın hər üç ildən bir keçirilən Avropa Regional Sosial Təminat Forumu Avropa ölkələrinin sosial təminat sahəsində aktual problemlərinin müzakirə edilməsinə və onların innovativ həllərlə aradan qaldırılmasına, fəal əməkdaşlıq və təcrübə mübadilələrinə şərait yaradan unikal platformadır.

Nə düşünürsən?