Azərbaycan Aİ strateji tərəfdaşlığı

  • 14.05.2019
  • 0

Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə sıx əlaqələrə malikdir. Belə ki, Azərbaycanın Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu fikirləri prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyindəkı çıxışında deyib. Ölkə başçısı qeyd edib ki, Azərbaycan Şərq Tərəfdaşlığı Proqramında iştirak edən fəal ölkələrdən biridir.

Azərbaycan Prezidenti Şərq Tərəfdaşlığı Proqramının iştirakçısı olan Ermənistan və Azərbaycan arasında münaqişənin öz həllini tapmamasını təəssüflə qeyd edib.. Dövlət başçısı torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayaraq bildirib ki, 25 ildən çoxdur bu münaqişə davam edir. Prezident İlham Əliyev qeyd edib ki, bu münaqişə yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır.

Prezident İlham Əliyev xatırladıb ki, ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunur.

Dövlətimizin başçısı Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılmasında mühüm rol oynadığını qeyd edərək ölkəmizin Avropa İttifaqı ilə nəqliyyat sahəsində də uğurla əməkdaşlıq etdiyini bildirdi.

Nə düşünürsən?