Qarabağ atları İngiltərədə

  • 11.05.2019
  • 0

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” 2019-cu ilin 9 may tarixində start götürüb. 2019-cu ildə Birləşmiş Krallığın ən qüdrətli taxt-tac sahibi kimi tarixə düşmüş Kraliça Viktoriyanın xatirəsinə həsr olunmuş bu tədbir üçün nümayəndə heyətimiz tərəfindən xüsusi olaraq “Azərbaycanın kəlağayısı və Qarabağ atları” adlı şou-kompozisiya hazırlanıb.

Oman Sultanlığını, Birləşmiş Ərəb Əmirliklərini, Macarıstanı və Böyük Britaniyanı təmsil edən digər atçılıq şousu iştirakçıları fonunda təmsilçilərimizin milli geyimlərimizdə çıxışları xüsusilə fərqlənmiş, çoxsaylı tamaşaçı kütləsinin xüsusi rəğbətini qazan-mışdır.

1500 ildən çox tarixə malik Azərbaycan kəlağayısının hələ iki əsr öncə - 1851-ci ildə Londonda keçirilmiş böyük sərgidə Kraliça Viktoriyaya hədiyyə edilməsinin vurğulanması böyük maraqla qarşılanmışdır. 

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış şou-kompozisiyanın quruluşçu rejissoru – Azərbaycan Respublikasının əməkdar artisti Nicat Kazımov, xoreoqrafı – Azərbaycan Respublikasının əməkdar artisti Nailə Məmmədzadə, süvarilər dəstəsinin rəhbəri – Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi Azər Həmzəyev, Alov şou qrupunun rəhbəri isə Rasim İskəndərlidir. 

7 dəqiqə davam edən şou müddətində süvarilərimizin başları üzərində Azərbaycan Respublikasının və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırmaları, rəqqaslarımızın ifasında qılıncoynatma səhnələri, kəlağayımızın xalqımızın sülhsevərlik simvollarından biri olmasının - döyüş meydanında Azərbaycan qadını tərəfindən kəlağayının yerə atılması ilə savaşa son qoyulması adətinin nümayiş etdirilməsi, meydandakı reklam lövhələrinin üçrəngli bayrağımızın rənglərinə boyanması diqqəti xüsusi cəlb etmişdir. 

Xatırladaq ki, Azərbaycan 2014-cü ildən etibarən ölkəmizin dəvət aldığı bu beynəlxalq atçılıq şousu qədim və unikal mədəniyyətimizin tanıdılması üçün son dərəcə əhəmiyyətli sayılır

Nə düşünürsən?