Rusiya XİN: "Ermənistanda faşizm meyilləri güclənir"

09.05.2019 | 3 | 0

Ermənistanda faşizm meyilləri güclənir. Rusiya Xarici İşlər Nazirliyi dünyada irqçi milliyətçiliyin və neofaşizmin artmasına diqqəti cəlb etmək üçün hazırladığı məruzədə belə qeyd olunub. Sənəddə deyilir ki, Ermənistanın keçmiş hakimiyyəti faşist almaniyası ilə əməkdaşlıq edən şəxsin adını əbədiləşdirərək, faşizm meyillərinin güclənməsinə səbəb olub. Həmçinin, dırnaqarası böyük Ermənistan yaratmaq xülyasında olan ''Sasna Srer'' partiyasına da sənəddə geniş yer verilib. Partiyanın ideologiyası tənqid atəşinə tutulub

Rusiya Xarici İşlər Nazirliyi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizm və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiyanın müasir formalarının və onlarla bağlı dözümsüzlüyün yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında" məruzəsini açıqlayıb.

Məruzədə Ermənistanla bağlı məqam xüsusi diqqət çəkir. Sənəddə vurğulanır ki, Ermənistanın keçmiş hakim Respublika Partiyası, barəsində Üçüncü Reyx ilə əməkdaşlıq haqqında informasiya olan erməni faşist Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi istiqamətində addımlar atıb.

Sənəddə Ermənistanın millətçi cərəyana məxsus siyasi təşkilatları arasında 2018-ci ilin payızında siyasi partiya kimi qeydiyyata alınmış "Sasna srer" qeyd olunur. Vurğulanır ki, "Sasna srer" ideologiyasının əsasını Ermənistan Respublikasını Rusiya-Türkiyə sözləşməsinin törəməsi kimi tanımaqdan imtina etmək və yeni dövlət yaratmaq uğrunda mübarizə aparmaq təşkil edir.

Məruzədə bildirilir ki, Sasna srer partiyasının açıqlanmış məqsədləri Ermənistanın həm indiki ərazisinin, həm də Dağlıq Qarabağın daxil olduğu "yeni Ermənistan yaratmaq", habelə xarici ölkələrdə yaşayan erməniləri ümummilli referendum vasitəsilə birləşdirməkdir". Bundan əlavə, partiyanın proqram göstərişlərində guya "Rusiya müstəmləkəçiliyi tərəfindən tapdalanmış" hüquqların bərpa olunması " vəzifəsi xüsusi vurğulanır.

Rusiya Xarici İşlər Nazirliyinin məruzəsində ölkəmizdəki vəziyyət də YER ALIB. Qeyd olunur ki, Azərbaycanda neo-Nazizm, irqçilik, irqi ayrı-seçkilik və ksenofobiya praktikası yoxdur. Azərbaycanın rəhbərliyi ölkəsini müxtəlif millətlərin və dinlərin nümayəndələrinin tolerant ŞƏRAİTDƏ birlikdə yaşaması və fəaliyyətini təmin edir.

Nə düşünürsən?
Loading...