Bakının mərkəzində dava düşdü: Tarixi bina ətrafında qalmaqal

08.05.2019 | 14 | 0

Hazırda “Salaam Cinema Baku”nun təşkilatçıları və sahibkar arasında insident yaşanır.

İnsident Hollandiyalı rejissor Robert Romboutun ustad dərsləri verdiyi zaman baş verib. Heç bir sənəd təqdim etməyən şəxslər icazəsiz şəkildə binaya daxil olub və gənclərə şiddət göstərib, onlardan binanı tərk etməyi tələb edib.


Qeyd edək ki, 1900-cü illərin əvvəllərində tikildiyi bildirilən bu bina sökülə bilər. Sənətşünaslar bu binanın 1913-cü ildə molokanların dua evi kimi tikildiyini söyləyirlər.


Daha sonra isə Radio evi kimi fəaliyyət göstərib. Hazırda burada icma üçün mədəni fəaliyyət məkanı olan “Salaam Cinema Baku” yerləşir.


Burada tədbirlər təşkil edilir, sərgilər olur, film nümayişləri keçirilir. 2018-ci ilin axırında bina özəlləşdirilib, indi mülk sahibi kirayənişinləri buradan çıxarmaq istəyir. Gənclər deyir ki, Mayın 2-də binanı sökməyə cəhd göstərilib.


Özünü mülk sahibinin səlahiyyətli nümayəndəsi kimi təqdim edən Bəhruz Əhmədov isə deyir ki, kirayə müqaviləsini onlar yox, mühafizəçi imzalayıb. Amma sonra bu işin üstü açılıb və mühafizəçi işdən çıxarılıb.


Binanın gələcək taleyi isə tam qərarlaşdırılmayıb. İndi kirayənişinlərə İyunun 15-nə qədər vaxt verilib, amma gənclər bu binanın sökülməməsini istəyirlər.


“Malakanların ibadət evi tarixi abidə kimi dövlət qeydiyyatında deyil. Abidənin tarixi, memarlıq üslubu nəzərə alınaraq məsələ Dövlət Xidməti tərəfindən nəzarətə götürülüb”.


Bunu ONA.az saytına açıqlamasında, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov bildirilib.


Onun sözlərinə görə, bina ilə bağlı araşdırma aparılır: “Hazırda orada hər hansısa söküntü işi görülmür.


Əgər bina tarixi abidələr siyahısına salınsa, dövlət tərəfindən qorunacaq. Siyahıya salındığı təqdirdə, bina özəl mülkiyyətdə olsa belə, orada söküntü işləri aparmaq mümkün olmayacaq. Ümumiyyətlə, Xidmətin siyahısında olan abidənin tarixi görkəminə hər hansı şəkildə xələl gətirilməsi qanunla qadağandır”.


“Salaam Cinema Baku”-nun təşkilatçılarından olan Leyli Qafarova BAKU.WS saytına açıqlamasında bildirib ki, onların əsas məqsədi binada fəaliyyət göstərmək yox, tarixi binanın sökülməsinin qarşısını almaqdır:


“Novruz bayramı ilə əlaqədar biz tətilə çıxmışdıq. Geri qayıdanda binanın döşəməsinin söküldüyünü gördük.


Bundan sonra müqavilə imzalamağımıza və sahibkarla danışmağımıza baxmayaraq, bizi burdan çıxarmağa çalışırlar. Bu gün isə tədbir zamanı Bəhruz Əhmədov özünü sahibkarın köməkçisi kimi təqdim edərək, bizə şiddət göstərdi. Bizim əsas məqsədimiz tariximizi qoruyub, ona sahib çıxmaqdır.


Bildirmək istəyirik ki, biz buranı yalnız binanın sökülməyəcəyi ilə bağlı rəsmi sənəd təqdim edildiyi təqdirdə tərk edəcəyik”.


Hazırda Avropa Birliyinin Azərbaycandakı nümayəndəsi Kestutis Jankauskas binada baş verən hadisə ilə bağlı gənclərin yanındadır.


Nə düşünürsən?
Yüklənir...