Zəlzələdən sonra bərpa işləri

07.05.2019 | 4 | 0

Bu gün Ağsu, Şamaxı və İsmayıllı rayonlarında fevralın 5-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərə dair 3 aylıq hesabat brifinqi keçirilib.

Brifinqdə Ağsu, İsmayıllı və Şamaxı rayonlarının icra hakimiyyəti başçıları bu istiqamətdə görülmüş işlər barədə məlumat veriblər.

REAL xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov bildirib ki, zəlzələ nəticəsində rayon ərazisində 114 yaşayış evi qəzalı vəziyyətə düşüb. Onun sözlərinə görə, zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə rayon üzrə 176 yaşayış evinin tikintisinə başlanılıb.

M.Sadıqov qeyd edib ki, zəlzələ baş verəndən dərhal sonra dövlət başçısı ciddi reaksiya verdi: "Fevral ayının 7-də Prezident İlham Əliyev rayona səfər etdi, əhali ilə görüşdü və zəlzələnin aradan qaldırılması ilə bağlı tapşırıqlar verdi. Dövlət başçısının zəlzələyə dərhal reaksiya verməsi, əhali ilə yerində görüşməsi daim xalqın yanında olmasının bariz nümunəsidir".

İcra başçısının sözlərinə görə, rayonda 1257 evə baxış keçirilib: “344 ev qənaətbəxş hesab edilib, 455 evin bərpasına sərəncam verilib, 344 evin təmirinə və 114 evin tikilməsinə qərar verilib. Hazırda 76 ev tikilir və qalanarın tikilməsi ilə bağlı işlər aparılır".

M.Sadıqov bəzi evlərin sürüşmə zonasında yerləşini bildirib: “Bəzi insanlar istəyirlər ki, onların evi əvvəlki yerində, yəni sürüşmə zonasında tikilsin, ancaq geoloji araşdırmalar buna imkan vermir. Ona görə də həmin ərazidə yaşayan insanlara başqa ərazilərdən torpaq sahəsi veriləcək”.

İcra başçısı əlavə edib ki, zəlzələ nəticəsində sosial obyektlərə, o cümlədən tibb məntəqələrinə, uşaq bağçalarına ziyan dəyib:

"Sosial obyektlərə dəyən ziyan da aradan qaldırılır. İnanıram ki, ilin sonuna qədər işlər yekunlaşdırılacaq. Zəlzələ nəticəsində tarixi abidələrə elə bir ziyan dəyməyib. Ümumilkdə tarixi abidələr daim nəzarətdə saxlanılır, bərpası ilə bağlı tədbirlər görülür".

Daha sonra hesabatla çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısıƏnvər Seyidəliyev deyib ki, zəlzələ nəticəsində Ağsu rayonunda 350 yaşayış evi qəzalı vəziyyətə düşüb, yüzlərlə yaşayış evinə, eləcə də sosial və infrastruktur obyektlərinə müxtəlif dərəcədə ziyan dəyib:

"Zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə hazırda rayon üzrə 162 yaşayış evinin tikintisinə başlanılıb. Ümumilikdə rayon üzrə 1601 evin təmirinə ehtiyacı olduğu müəyyən edilib. Zərər görmüş evlərin 90 faizi çiy kərpicdən olan köhnəlmiş vəziyyətdə idi, eyni zamanda qəzalı evlərin bir hissəsi dağ sürüşmə zonasında yerləşir".

İcra başçısı vurğulayıb ki, “Regional İnkişaf” İctimai Birliyi tərəfindən rayon ərazisində qəzalı vəziyyətdə olan yaşayış evlərinin, müxtəlif sosial və infrastruktur obyektlərinin tikintisi həyata keçirilir.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov öz növbəsində vurğulayıb ki, zəlzələ nəticəsində rayon ərazisində 284 fərdi yaşayış evi qəzalı vəziyyətə düşüb, 112 yaşayış evinin tikintisinə başlanılıb.

İcra başçısı bildirib ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqları ilə bütün müvafiq qurumlar fəaliyyətə başladı və indiyə qədər zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində çox effektiv işlər görülüb:

"Şamaxıda 5584 evə baxış keçirildi və 2212 evin təmir olunmasına ehtiyac olduğu müəyyən edildi. Bununla bağlı Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq işlər aparılır və hazırda bir neçə layihələndirmə institutu bununla məşğuldur və qısa müddət ərzində evlərin təmirinə başlanılacaq”.

T.Məmmədov vurğulayıb ki, dövlət rəhbərliyinin bu işə qayğı ilə yanaşması, qurumların fəallığı onu göstərir ki, vətəndaşların narahatlığına ehtiyac yoxdur: “Vətəndaşlarımızdan xahişimiz ondan ibarətdir ki, səbrlə və təmkinlə problemlərin aradan qaldırılmasını gözləsinlər. İntensiv sürətdə bu istiqamətdə işlər aparılır. Müxtəlif aidiyyəti qurumların rəhbərləri dəfələrlə rayonlarda olublar, işin gedişatı ilə maraqlanıblar. İşlər intensiv sürətdə aparılır və yaxın bir neçə ay ərzində bütün işlərin yekunlaşdırılması nəzərdə tutulur. Qəzalı kimi qeydiyyata alinan bütün evlər inşa və bərpa olunacaq" .

İcra başçısı qeyd edib ki, zərər görmüş evlərin bir hissəsi sürüşmə zonasinda yerləşirdi və həmin zonada yaşayan vətəndaşlar üçün təhlükəsiz ərazidə bir sıra çoxmənzilli binalar tikilir.

T.Məmmədov əlavə edib ki, zəlzələ nəticəsində Şamaxı ərazisində də tarixi abidələrə ziyan dəyməyib. Onun sözlərinə görə, ümumiyyətlə bu tarixi abidələrin bərpası, konservasiyası ilə bağlı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.

İcra başçısının sözlərinə görə, rayonda zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı işlərdən əlavə “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə bir sıra sosial obyektin, o cümlədən orta məktəb, tibb məntəqəsi və uşaq bağçalarının tikintisi həyata keçirilir.

Daha sonra rayon icra başçıları jurnalistlərin suallarını cavablandırıblar. Trend İnformasiya Agentliyinin müxbirinin mulki müdafiə obyektlərinin tikintisi ilə bağlı sualına cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov bildirib ki, bununla bağlı müvafiq işlər aparılır və yaxın aylar ərzində bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov isə bildirib ki, zəlzələ nəticəsində mülki müdafiə obyektlərinə ciddi ziyan dəyməyib.

Nə düşünürsən?
Loading...