Ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü

  • 07.05.2019
  • 0

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan multikulturalizminin banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) yaradılmasının 5 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü Leyla Əliyeva iştirak edib.

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra BBMM-in icraçı direktoru Rəvan Həsənov çıxış edərək deyib ki, Mərkəzin yaradılmasında əsas məqsəd ondan ibarət idi ki, Azərbaycanın sahib olduğu multikulturalizm dəyərləri, mədəniyyətlərarası və xalqlararası dostluq təbliğ olunsun. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan dünyada multikulturalizm ünvanlarından biri kimi tanınır. Bu, dövlətimizin başçısının siyasətidir. BBMM də bu siyasətə öz töhfəsini verir.

Sonra BBMM-in 5 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev ötən 5 il ərzində görülən işlərdən danışıb. 

Tədbirdə bir neçə rəsmilər də Azərbaycanda Azərbaycanın multikulturalizm dəyərlərindən ölkənin multikulturalizm siyasətindən danışıblar.

Bundan əlavə Azərbaycanın BBMM-in Himayəçilik Şurasının üzvü Aleksandr Şarovski, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Bakı Dağ Yəhudiləri dini icmasının sədri Melih Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete Azərbaycandakı multikultural, tolerant mühitin üstünlüklərindən danışıblar. Onlar Azərbaycanın multikulturalizm siyasəti sahəsində əldə etdiyi uğurların dünya dövlətləri, ölkəmizə gələn qonaqlar tərəfindən də etiraf edildiyini və yüksək qiymətləndirildiyini bildiriblər.

Yubiley tədbiri bədii hissə ilə davam edib.

Tədbir çərçivəsində, həmçinin gənc rəssamların multikulturalizm mövzusuna həsr edilən rəsm əsərlərindən ibarət sərgi təşkil olunub.

Nə düşünürsən?