Fransada Qarabağ məktəbi

  • 22.04.2019
  • 0

6 il əvvəl Avropanın Yaşıl Paytaxtı adına layiq görülmüş, ərazisinə görə Fransanın 6-cı şəhəri olan Nantda Qarabağ məktəbi açılıb.


Bu məktəb Azərbaycanın Birinci vitse-prezidenti, H.Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırıq və tövsiyyələrinə əsasən azərbaycanlıların kompakt yaşadığı Nant şəhərində yaradılıb.


Məktəb üçün kirayəyə götürülən yeri 3 ay ərzində Fransa Azərbaycanlılarının Koordinasiya Şurası və Azərbaycan İcması təmir edib. Bu təhsil ocağının açılışına bu ölkədə yaşayan 90 nəfərə yaxın Azərbaycanlı qatılıb. Məktəb fəaliyyətə başlayana qədər ərazidə yaşayan ailələrdən 25 uşaq məktəbdə şagird kimi qeydiyyatdan keçib.

Məktəbin açılışında iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında Mehriban Əliyevanın tapşırığı ilə açılan “Qarabağ” məktəbinin əhəmiyyətindən danışıb və bu cür uğurlu layihələrin davamlı olmasının vacibliyini qeyd edib. Məktəbə “Qarabağ” adının verilməsinin də xüsusi bir siyasi məna kəsb etdiyini bildirən sədr gələcəkdə bu adda məktəblərin açılmasının daha da geniş vüsət alacağını bildirib.

Açılış mərasimində çıxış edən hər kəs Fransada belə bir məktəbin yaradılmasının mühüm addım olduğunu nəzərə çatdırıb.Yeni məktəbdə kitabxana da fəaliyyət göstərir ki, orada ölkəmiz haqqında həm fransız, həm də Azərbaycan dilində kitablar toplanıb və gələcəkdə bu kitabxananın Komitə tərəfindən daha da zənginləşdiriləcəyi gözlənilir. 

Nə düşünürsən?