Bakıda nəhəng “Nəqliyyat Qovşağı”ndan reportaj

  • 19.04.2019
  • 0

Ölkəmizə turist axınını, eləcə də regionlardan paytaxta gələn vətəndaşların artımını nəzərə alaraq, onların təhlükəsizliyini və rahatlığını təmin etmək, avtobusların, minik avtomobillərinin hərəkətini nizamlamaq məqsədi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində Nəqliyyat Qovşağı istifadəyə verilib.

Nəqliyyat Qovşağı 50 000 m2 ərazini əhatə edir. 8 500 m2 ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılaraq 2 000-dən çox ağac əkilib.

Qovşaqda minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələri əhalinin rahatlığı məqsədi ilə vahid məkanda yerləşdirilib.

Eyni zamanda, nəqliyyat və piyada axınının bir-birindən ayrılması, avtobusların piyada axını ola biləcək yerlərdə geriyə hərəkətinin ləğv edilməsi, avtonəqliyyat vasitələrinin giriş və çıxış yerlərinin ayrı olması həm sərnişinlərin, həm də sürücülərin istər təhlükəsizliyi, istərsə də rahatlığı baxımından əlverişlidir.

Həmçinin Bakı-Sumqayıt istiqaməti üzrə hərəkət edən avtobusların da son dayanacaq yeri Nəqliyyat Qovşağı olacaq.

Əlavə olaraq qeyd edək ki, sərnişinlər və sürücülər qovşaqda parkinq, pulsuz və sürətli WI-FI xidmətindən, “Məlumat ” və “Dispetçer” mərkəzindən, gözləmə zallarından istifadə edə bilərlər. Eyni zamanda müasir standartlara cavab verən dayanacaqlar və ictimai iaşə obyektləri də vətəndaşların ixtiyarına verilib. Bundan başqa qovşağın ərazisindən körpü vasitəsilə perronlara və Ticarət Mərkəzinə keçid mümkündür.

Ərazidə sürücülərin istirahəti üçün nəzərdə tutulan və yenidən təmir olunaraq istifadəyə verilən ikimərtəbəli hostel və 93 nömrədən ibarət beşmərtəbəli “Baku Crossway Hotel” fəaliyyət göstərir.

Bilet kassalarının yeri dəyişdirilib və müasir kassalarla əvəz olunub; Kassaların üzərində istiqaməti, istiqamət üzrə biletin qiyməti, perron, avtobusun dövlət qeydiyyat nişanı, avtobusun tutumu və hazırda neçə boş yer olması kimi məlumatlar əks etdirən monitorlar quraşdırılıb.

Sərnişinlər biletləri on gün öncədən bir gün qabağa qədər online qaydada “avtovagzal.az” saytına daxil olmaqla, qabaqcadan satış kassalarından və ya gedəcəyi gün gəlib kassalardan əldə edə bilərlər.

Biletlərin BBAK-ın kassaları ilə yanaşı “Silkway” turizm şirkətinin kassalarından da əldə olunması təmin edilib.

Nəqliyyat Qovşağı ilə yanaşı Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində də əsaslı təmir-bərpa işləri aparılıb və yenilənmə işləri davam edir.

Nə düşünürsən?