ABŞ-Türkiyə dialoqu: Tərəflər razılığa gəlir?

  • 18.04.2019
  • 0

Bu səfərlərin əsas mahiyyətində Türkiyə-ABŞ münasibətlərinin normallaşdırılması dayanır.

Bu sözləri Axar.az-a Türkiyə rəsmilərinin ABŞ-a intensiv səfərlərini şərh edən politoloq İlqar Vəlizadə deyib.

Ekspert hesab edir ki, Türkiyənin hazırkı sosial-iqtisadi problemlərində ABŞ-ın rolu kifayət qədər böyükdür:

“Bildiyiniz kimi son zamanlar ABŞ-Türkiyə münasibətləri korlanıb. Bu fonda ABŞ-ın Türkiyəyə müəyyən sanksiyalar tətbiq etməsi ilə bağlı gözləntilər xarici investorları qardaş ölkənin iqtisadiyyatına sərmayə qoymaqdan çəkindirir. Bütün hallarda Türkiyənin sosial-iqtisadi inkişafı ilə bağlı atılan addımlar ABŞ-la münasibətlərin tənzimlənməsindən keçir. Bunu anlayan Türkiyə hakimiyyəti də müəyyən addımlar atır”.

Politoloq ABŞ-ın Türkiyə qarşısında qoyduğu şərtləri də qeyd edib:

“ABŞ Türkiyədən Rusiya ilə iqtisadi münasibətlərini bir qədər məhdudlaşdırmasını istəyir. Türk rəsmilər də öz növbəsində amerikalı həmkarlarını inandırmağa çalışırlar ki, Rusiya ilə münasibətlər artıq ABŞ-ın maraqlarına zidd deyil. Türkiyə həm də bu regionda ABŞ-ın əsas tərəfdaşı rolunun bərpa olunmasını istəyir. Çox güman ki, türkiyəli rəsmilər ABŞ-a konkret təkliflərlə gedib. Aydındır ki, tərəflər bir-birini anlayır və müəyyən addımlar atmaq istəyirlər. Ancaq nə Türkiyə, nə də ABŞ istəklərini açıq ifadə etmirlər. Bu mənada hər şey atılacaq qarşılıqlı addımlardan asılı olacaq”.

Siyasi şərhçi Elxan Şahinoğlunun fikrincə, bu səfərlərin nəticəsində iki olay baş verəcək:

“Türkiyənin Müdafiə naziri Hulusi Akar Pentaqonda amerikalı generallara anlatmaq istəyir ki, Türkiyənin Rusiyadan aldığı S-400 raketləri ABŞ və digər NATO ölkələrinə problem yaratmayacaq. Hətta Akar bir gün əvvəl S-400 raketlərinin Ankara və İstanbul ətrafında yerləşdiriləcəyini açıqlamaqla amerikalı generalları fakt qarşısında qoyub. O eyni zamanda, amerikalı generalları Türkiyənin ABŞ-la hərbi əməkdaşlığı davam etdirməkdə maraqlı olduğuna inandırmağa çalışıb. Bundan başqa, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın da ABŞ-da izahat işi aparır. Zənnimcə, Ankara-Vaşinqton arasında bu intensiv dialoqun iki nəticəsi olacaq. Birincisi, Vaşinqton sərt ritorikasına rəğmən, sonda Rusiya raketlərinin Türkiyədə varlığını qəbul etmək məcburiyyətində qalacaq. İkincisi, bir müddət sonra ABŞ Türkiyəyə F-35 hərbi təyyarələrini satmağa qərar verəcək”.

Nə düşünürsən?