Bakıda ata övladını döyərək xəstəxanalıq edib

16.04.2019 | 9 | 0

Bakıda ata övladını döyərək xəstəxanalıq edib.

Xezerxeber.az-ın məlumatına görə, Yasamal rayonu ərazisində yerləşən 158 saylı tam orta məktəbdə təhsil alan şagirdlərdən biri valideyn zorakılığı nəticəsində xəstəxanaya yerləşdirilib.

Məktəbin 3-cü sinfində təhsil alan Xambaba Abbasov müəllimlərdən birinə müraciət edərək ayaqlarının ağrıdığını bildirib. Şagirdin bədəninə baxış keçirilən zaman onun zorakılığa məruz qaldığı məlum olub.

Müəllimənin sözlərinə görə, hadisədən xəbər tutan kimi dərhal uşağın valideynləri məktəbə dəvət olunub. Amma ana məktəbə gəlsə də, hadisəni törədən ata məktəbə gəlməyib.

Uşaq müayinə edilməsi üçün təcili-tibbi yardıma müraciət olunub və o, xəstəxanada həkim nəzarətindən keçirilib.

Daha sonra uşaq anası ilə birlikdə Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib. Hazırda ana və uşaqla reabilitasiya işləri aparılır.

Məsələ ilə bağlı uşağın atasının yaşadığı ünvana getdik. Qapını döysək də, evdə olmalarına baxmayaraq açmadılar. Qonşuların sözlərinə görə, hadisəni törədən Zaur Abbasov əvvəllər məhkum olunub. Sözügedən məsələ ilə bağlı onlar ailədə tez-tez münaqişənin baş verdiyini bildirdilər.

Hadisənin araşdırıldığı Yasamal rayon 28-ci polis idarəsindən verilən məlumata görə, Zaur Abbasov bölməyə çağırılıb və ilkin ifadəsi alınıb. O bildirib ki, uşaq dərsdən evə gec gəldiyi və sözə baxmadığı üçün onu cəzalandıraraq döyüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Nə düşünürsən?
Loading...