Məscid işçilərini "işverən" adlandıran oğru bu dəfə axundun otağında tutuldu

  • 16.04.2019
  • 0

Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən məsciddə axundun iş otağından oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, zərərçəkən rayon polis idarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək otağın qapısının naməlum şəxs tərəfindən qırıldığını və oradan 1500 manat, eləcə də 500 ABŞ dollarının oğurlandığını qeyd edib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini əvvəllər məhkum olunmuş Anar Mirzəyev saxlanılıb. Saxlanılan şəxs ifadəsində törətdiyi əməli etiraf edib. Qeyd edək ki, A.Mirzəyevin oğurluq əməli məscidin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Xatırladaq ki, Anar Mirzəyev ötən il də Bakıda məsciddən oğurluq edərkən tutularaq dirəyə bağlanmışdı. Törətdiyi əmələ görə Anar Mirzəyev barəsində 3 ay həbs qərarı çıxarılıb. Anar Mirzəyev bundan əvvəl də iki dəfə məhkumluq həyatı yaşayıb: "Onun sonuncu məhkumluğu da oğurluq üstündə olub. Azadlığa çıxdıqdan sonra tüfeyli həyat tərzi keçirən bu şəxs sentyabrın 5-də həm Yasamal rayonundakı “Qasımbəy”, həm də Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “Hacıbəyverdi” məscidlərinin nəzir qutularından oğurluq edib".

Ötən il Yasamal rayonu ərazisində yerləşən məscidin nəzir qutusundan 90 manat pul oğurlayarkən tutulan Anar Mirzəyev əvvəllər də bir neçə dəfə eyni üsulla həmin məsciddən oğurluq edib. Məsciddə olan şəxslər onu tutmağa çalışsalar da, A.Mirzəyev hər dəfə bıçaq və digər kəsici alətlərlə onlara müqavimət göstərərək hadisə yerindən qaçmağa müvəffəq olub. Lakin o, sonuncu dəfə planını həyata keçirə bilməyib və məsciddəki şəxslər onu tutaraq qaçmaması üçün dirəyə bağlayıblar. A.Mirzəyev daha sonra polisə təhvil verilərək 3 ay müddətində həbs olunmuşdu. Onun dindarlar tərəfindən dirəyə bağlanması ictimaiyət tərəfindən birmənalı qarşılanmamışdı. Anar Mirzəyev onu dirəyə bağlayan məscid işçilərini də "işverən" adlandırmışdı. 

Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Nə düşünürsən?