Üç dövlət Liviya uğrunda savaşır: Səbəb...

  • 10.04.2019
  • 0

Afrika hələ uzun müddət Çin, Rusiya və ABŞ-ın əsas çəkişmə nöqtəsi olacaq.

Bu sözləri Axar.az-a Liviyada baş verən son proseslərə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, Afrika bölgəsi uzun zamandır böyük dövlətlərin rəqabət məkanına çevrilib:

“Afrika hələlik zəif inkişaf etmiş istehlak bazarı olsa da, bir neçə ildən sonra ən güclü istehlak bazarına çevriləcək. Bu bazarlara nəzarət böyük istehsalçıların həmin ölkələrdə daha çox mal satmasına və pul qazanmasına səbəb olacaq. Müasir dünyanın əsas strategiyası bazarlara çıxış üzərində qurulub. Bu fonda Liviyada son zamanlar çox maraqlı proseslər baş verir. Bu, əslində, yeni bir gəlişmədir və sanki tarix yenidən təkrarlanır. Bu fonda Afrika hələ uzun müddət böyük dövlətlərin - Çin, Rusiya və ABŞ-ın çəkişmə nöqtəsi olacaq. Hər böyük güc özünə bazar payı tapmaq və nəzarəti altında olan ölkələrin sayını artırmaq üçün savaşır. Əslində, bu, 16-17-ci əsrdə Afrika uğrunda savaşın daha müasir formasıdır”.

Ekspert hesab edir ki, hibrid savaşları vasitəsilə Afrikada yeni yaranan gərginlik uzun zaman davam edə bilməz:

“Çünki bu gərginlik Avropa və ABŞ-a miqrant axınını artıra bilər. Bu da qlobal güclərin strateji hədəflərinə uyğun deyil. Qlobal güclərin əsas strateji hədəfləri gələcəkdə həmin bölgədə istehlak toplumunun yaradılması və istehsal olunan məhsulların daha çox Afrika bazarında satılmasıdır”.

Qeyd edək ki, Liviyada ikihakimiyyətlilik mövcuddur. Ölkənin şərqindəki parlament hakimiyyəti ilə birgə hərəkət edən Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar 4 apreldə paytaxtın “terrorçulardan azad edilməsi” üçün orduya əmr verib.

Hazırda paytaxt uğrunda Qərbin dəstəklədiyi Milli Həmrəylik Hökuməti qüvvələri ilə Liviya Milli Ordusu arasında müharibə gedir.

Nə düşünürsən?