Stalinin Bakıdakı kamikadze haqda tapşırığı

  • 08.04.2019
  • 0

Səsi, mahnıları ilə Azərbaycan musiqi tarixində silinməz iz qoymuş Oqtay Ağayev özünü aktyor kimi də sınayıb və kinoşünasların fikrincə, bu işin öhdəsindən çox ustalıqla gəlib.

Kult.az xəbər verir ki, o, 1990-cı ildə Sergey Retnikovun rejissorluğu ilə çəkilən “Yapon” və yaponiyalı” filmində NKVD zabiti Məlik Babanov rolunu canlandırıb.

Filmin olduqca maraqlı, qeyri-adi və bir o qədər də axıcı süjet xətti var.

Hadisələr 1944-cü ildə baş verir. Yaponiya öz kamikadze dəstəsini döyüşə göndərir. Kamikadze pilotlara “gedin imperator uğrunda şəhid olun” əmri verilir.

Döyüş zamanı kamikadzelərdən yalnız biri sağ qalır və onun təyyarəsi Xəzər dənizinə, Nardaran kəndinin Balıqçılar qəsəbəsinə tərəf düşür. Onu “Yapon” ləqəbli gənc Gülbala tutub evlərinə gətirir.

Azərbaycanlı “Yapon”, yəni Gülbala əsl yapona mehriban münasibət bəsləyir. Hətta kamikadze yapon bir neçə dəfə xarakiri etmək istəsə də, Gülbala buna imkan vermir. Filmdə maraqlı bir səhnə var: Gülbalanın anası bıçaqları yığıb əlində saxlayır ki, yapon xarakiri edib, özünü öldürməsin.

“Yapon” və yapon, necə deyərlər, şad-xürrəm yaşadıqları anda NKVD zabiti Məlik Babanov (Oqtay Ağayev) “qapılarını” döyür. Məlum olur ki, Stalin şəxsən yaponiyalının sağ tutulması haqda göstəriş verib.

Bundan sonra zabitlər Balıqçılar qəsəbəsinə gəlib “burada yapon var?” deyə soruşurlar. Təbii olaraq, kənd sakini hamı tərəfindən “Yapon” kimi tanınan Gülbalanı onlara göstərir. M.Babanov Gülbalanı NKVD-yə gətirir, ona işgəncə versələr də, yaponiyalı “qonağ”ını satmır.

Növbəti səhnələrdə NKVD zabitləri yenidən “Yapon”un - Gülbalanın dalınca düşüb onu tutmaq istəyirlər. Bu əsnada Gülbala ayağından yaralansa da, yaponiyalını ələ vermir... və cibindəki bıçağı çıxararaq, xarakiri edir.

Qrotesk üsulunda çəkilmiş bu film çox maraqlı və ciddi məsələyə toxunur: insanları bir-birinə yaxınlaşdıran mehribançılıq və zəhmətdir.

Nə düşünürsən?