Şəhərin mərkəzində işləməyən eskalator və əziyyət çəkən vətəndaşlar

  • 16.03.2019
  • 0

Paytaxtda piyadaların yolu rahat və təhlükəsiz keçməsi üçün yeraltı və yerüstü keçidlərin yaradıldığı hamımıza bəllidir. Əksər hallarda bu keçidlərdə eskalatorlar işləmir. Bu hal, xüsusilə də yaşlı, əlilliyi, səhhətində problemi olan insanların hərəkətini çətinləşdirir və onları yolun təhkükəli, qadağan olunmuş hissəsindən keçməyə məcbur edir.

Hazırda paytaxtın müxtəlif ərazilərində yerləşən keçidlərdə eskalatorlar işləmir. 

Mərkəzi Bankın, Heydər Əliyev Sarayının, Bayraq Meydanının yaxınlığındakı,"Hilton" hotelinin, 20 nömrəli tam orta məktəb liseyinin qarşısındakı yeraltı, Tiblisi prospektində yerləşən FHN-nin Bakı Regional Mərkəzinin binasını ilə üzbəüz yerüstü keçidlərdə belə hallarla qarşılaşmaq mümkündür. 

Əhalinin sıx olduğu bu ünvanlarda eskalatorların işləməməsinə səbəb nədir? Bu problem nə vaxt öz həllini tapacaq? 

Vətəndaşların redaksiyamıza göndərdiyi foto və videolu şikayətləri nəzərə alaraq “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Cebhe.info-ya açıqlamasında eskalatorlarda problemlərin olduğunu etiraf etdi:

“Problemli ərazilərdə eskalatorlar təmir ediləcək. Yerində təmiri mümkün olan eskalatorlar artıq düzəldilib. Düzəlməsi mümkün olmayanlar üçün ehtiyyat hissələri sifariş olunub və tezliklə gətiriləcək. Bunun üçün bir müddət vaxt tələb olunur. Həmin vaxt ərzində vurğuladığınız ünvanlardakı eskalatorlar qeyri-işlək vəziyyətdə olacaq”.

Anar Nəcəfli uzun müddətdir işləmədiyi bildirilən Heydər Əliyev Sarayının qarşısında olan yeraltı piyada keçidindəki eskalator haqda da danışıb: 

“Uzun müddətdir işləməyən eskalator yoxdur. Həmin yerlərdə mütəmadi olaraq təmir işləri aparılır. Bu da həmin eskalatorların uzun müddətdir istismar edilməsi ilə bağlıdır. Keçən il 50-dən artıq eskalator təmir olunub. Bu il 20 belə proses baş verib. Daha 20 eskalatorun da təmirə ehtiyyacı var. Bu, bizdən asılı bir problem deyil. İşlək mexanizmdir. Açıq hava şəraitində olan eskalatorlardır tez-tez sıradan çıxırlar. Vətəndaşların rahat hərəkət etməsi üçün biz qurum olaraq problemləri yerində həll etməyə çalışırıq. Bəzi hallarda ehtiyat hissələrinə ehtiyac olur. Bu zaman xaricdən sifariş verdiyimiz üçün uzun vaxt çəkməsinə səbəb olur”.

Nə düşünürsən?