Ermənistana mesaj: "Azərbaycan tərəfi aldığı silah-sursatı qınında saxlamayacaq"

  • 16.03.2019
  • 0

Azərbaycan Silahlı Qüvvələrinin 5 günlük genişmiqyaslı təlimləri başa çatıb.

Budəfəki təlimlərdə düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarının yerinə yetirilməsi, raket buraxılışları praktiki icra olunub. Təlimlər zamanı Belarusdan alınan “Polonez” yaylım zenit-raket sistemləri uğurla sınaqdan çıxarılıb.

Silahlı Qüvvələrin təliminin uğurlu keçməsi və yeni silahların da sınaqdan keçirilməsi beynəlxalq aləmdə Azərbaycanın Ermənistana xəbərdarlığı kimi dəyərləndirilib.

Silahlı Qüvvələrin budəfəki təlimlərini Yenicag.az-a hərbi ekspert Tərlan Eyvazov şərh edib.

Hərbi ekspert bildirib ki, budəfəki təlimlər erməni tərəfinə ciddi mesajdır:

“2016-cı ilin aprelində qısa müddətli döyüşlərdə Azərbaycan tərəfi humanistlik göstərərək əlində olan bütün vasitələrdən istifadə etməmişdi. Sadəcə olaraq, lokal əməliyyatlar keçirərək, düşməni susdurmuşdu. Faktiki olaraq Azərbaycan tərəfi əlində olan müasir silahlardan istifadə etsəydi, döyüşlərin nəticəsi çox fərqli olardı. Erməni tərəfi isə Azərbaycan tərəfindən fərqli olaraq, nəinki hərbi obyektlərimizi, dinc əhalinin yaşadığı yaşayış məntəqələrini də iriçaplı silahlardan atəşə tutmuşdu”.

“Müasir silahların sınağı, raketlərdən açılan atəşlər erməni tərəfinə xəbərdarlıqdır” deyən, Tərlan Eyvazov qeyd edib ki, Azərbaycan tərəfi milyonlarla pul xərcləyib aldığı silahları qınında saxlamayacaq:

“Azərbaycan Silahlı Qüvvələrinin müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, Belarusdan alınan “Polonez” yaylım zenit-raket sistemini uğurla sınaqdan çıxarması onu göstərir ki, Azərbaycan tərəfi aldığı silah-sursatı qınında saxlamayacaq. Ermənistan tərəfi anlamalıdır ki, əgər sülh yolu ilə işğal etdikləri torpaqları geri qaytarmayacaqsa, Azərbaycan ordusu işğal altındakı torpaqları güc vasitəsi ilə alacaq. Ordu ilk dəfə idi ki bu cür təlimlər keçirdi. Ermənilərin obyektiv hərbi ekspertləri də bildirir ki, bu təlimlər sərt mesajdır.

Ermənistan tərəfi son 30 ildə hakimiyyət dəyişikliyi edərək ancaq vaxtı uzatmaqla məşğuldur. Ermənistan beynəlxalq hüquqa məhəl qoymur. Onlar işğal etdikləri torpaqları özününküləşdirir, orada yaşayış məntəqələri salır. Buna yol vermək olmaz”.

Sonda hərbi ekspert vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin təlimi göstərdi ki, ordu döyüşə hazırdır və əmr gözləyir.

Nə düşünürsən?