İran-Azərbaycan sərhədində atışma: ölən var

  • 12.03.2019
  • 0

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması sahəsində tədbirləri qətiyyətlə davam etdirir.

DSX-nin mətbuat mərkəzindən xezerxeber.az-a bildiriblər ki, martın 12-də saat 00:07 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası istiqamətində hərəkət edən 6 nəfər silahlı naməlum şəxs müşahidə olunub.

Sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayaraq odlu silahdan sərhəd naryadına atəş açıblar.

"Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, sərhəd naryadı tərəfindən silah tətbiq edilib. Sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucuları əllərindəki yükləri ataraq ərazinin mürəkkəb relyefindən və havanın qaranlıq olmasından istifadə edərək geri qaçıblar.

Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sərhədçilərinə hadisə barədə dərhal məlumat verilib. İran sərhədçiləri tərəfindən təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.

Zərərsizləşdirilmiş sərhəd pozucusunun yaxınlığında əraziyə baxış zamanı 4 bağlamada külli miqdarda heroin və tiryək, güclü təsirli psixotrop maddələr, 1 ədəd ov tüfəngi, 6 ədəd 12 millimetr çaplı ov tüfənginin patronları və gilizlər aşkar olunub.

Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və digər vəzifəli şəxslər əraziyə gəlib, hadisə yerinə baxış keçiriblər. Əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar verilib. DSX rəisi İranın Muğan sahəsi üzrə sərhəd komissarı ilə ərazidə görüşüb. Sərhəd pozucularının axtarışı üzrə birgə tədbirlər müzakirə olunub.

Vətən sərhədlərinin keşiyində ayıq-sayıq duraraq dövlət sərhədinin pozulmasının qarşısını almış hərbi qulluqçular təltif edilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Nə düşünürsən?