Azərbaycanın Birinci vitse-prezidenti Gəncəyə səfər etdi

  • 14.02.2019
  • 0

Bu gün birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncə şəhərinə səfər edib ediblər. Onlar bir sıra sosial-mədəniyyət obyektlərini ziyarət ediblər.

Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Birinci vitse-prezidentə son illərdə şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Mehriban Əliyeva Regional İnkişaf İctimai Birliyinin nümayəndələri ilə görüşüb.

Ardınca Gəncədə "İmamzadə" dini kompleksi ziyarət edilib. Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov VIII əsrə aid tarixi memarlıq abidəsi olan və xalq arasında "Göy günbəz", "Göy məscid", yaxud "Göy İmam" kimi tanınan "İmamzadə" dini-mədəniyyət kompleksinin yenidənqurma işlərindən sonra bütün müsəlman dünyasından ziyarətçiləri qəbul etdiyini bildirib. Qeyd edilib ki, bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub. Azərbaycan memarlığının dəyərli nümunələrindən olan "İmamzadə" piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. Mehriban Əliyevaya və Leyla Əliyevaya "Qurani Kərim" hədiyyə edilib.

Birinci vitse-prezident Mehriban Əliyeva burada ziyarətə gələnlərlə görüşüb.

Qeyd edək ki, fevralın 14-də "İmamzadə" kompleksində Azərbaycanın Birinci vitse-prezidentinin adından ehsan süfrəsi verilib.

Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva həmçinin Gəncə şəhərində Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə olublar. Məktəbin direktoru Mətanət Rzayeva burada sonuncu dəfə 1988-ci ildə cari təmir işlərinin aparıldığını və hazırda bu təhsil müəssisəsinin əsaslı şəkildə yenidənqurmaya ehtiyac olduğunu bildirib. Məktəbin sinif otaqları ilə yaxından tanış olan Mehriban Əliyevaya məlumat verilib ki, əsaslı təmir işlərindən sonra bu təhsil ocağında tədrisin keyfiyyəti daha da yüksələcək və məktəb birnövbəli iş rejiminə keçəcək. Birinci vitse-prezident məktəbdəki mövcud vəziyyətin araşdırılması və təcili surətdə yenidən qurulması üçün tapşırıqlarını verib.

Nə düşünürsən?