Bakıda cinayət törədən şəxslər tutuldu

06.02.2019 | 169 | 0

Evdən külli miqdarda dəyəri olan qızıl oğurlayan şəxslər saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl paytaxtın Səbail rayonunda baş verib.

Zərifə Əliyeva küçəsində yaşayan sakinlərdən iki nəfər ərazi üzrə 39-cu polis bölməsinə məlumat veriblər ki, naməlum şəxs və ya şəxslər mənzillərə daxil olaraq ümumi dəyəri 30 min manat olan qızıl-zinət əşyaları, 2 ədəd televizor və noutbuk oğurlayıblar.

Polis qısa zamanda qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Əfsanə Xankişiyeva və Anar Heydərovu saxlayıb. Araşdırma zamanı müəyyən edilib ki, Əfsanə Xankişiyeva və Anar Heybətov oğurladıqları televizorlardan birini və qızıl-zinət əşyalarından bir qismini satıblar. Həmin şəxslər tutulan zaman onlardan oğurluq yolla əldə etdikləri qızl-zinət əşyaları, həmçinin hadisə zamanı istifadə etdikləri əlcəklər aşkar edilərək maddi sübut kimi götürülüb. Əfsanə Xankişiyeva və Anar Heydərov hadisəni törətdiklərini etiraf ediblər.

Paytaxtın Nizami rayonunda isə paltar mağazasından oğurluq edilib. Naməlum şəxslər giriş qapısını sındıraraq içəridən 450 manat pul aparıblar. Hadisə ilə bağlı 25-ci polis şöbəsinin əməkdaşları bu işdə şübhəli bilinən Ceyhun Abbasov və Elxan İsayevi saxlayıblar.

Onların ətrafında araşdırma aparılan zaman başqa cinayətlərinin də üstü aşılıb. Ceyhun Abbasov və Elxan İsayevin paytaxt ərazisində və respublikanın ayrı-ayrı bölgələrində yüzlərlə avtomobilin şüşəsini sınıdıraraq nəqliyyat vasitələrinin salonlarından oğurluqlar etdikləri məlum olub. Onlar ifadələrində törətdikləri cinayətləri etiraf ediblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?