“Evlərin hamısı çatlayıb” – Şamaxıda sürüşmə aktivləşib

  • 06.02.2019
  • 0

Torpaq sürüşməsi Şamaxı şəhərinin 48-ci məhəlləsində yenidən aktivləşib.


ARB TV xəbər verir ki, sakinlər iddia edir ki, 100 metr uzunluğu 50 metr eni olan torpaq kütləsi evlərə doğru hərəkət edir.


Son günlər Şamaxıya yağan qar və yağışlardan sonra aktivləşən torpaq sürüşməsi səbəbindən evlərdə və yardımçı tikililərin divarlarında yenidən iri və xırda çatlar əmələ gəlib.


Qahir Həşimov – Sakin: “Sürüşmə davam edir, evlər çatlayıb hamısı. Yağışlar başlayan kimi davam edir”.


Sürüşmə sahəsindəki bəzi evlərdə yaşamaq qeyri-mümkün hal alıb. Sakinlərin sözlərinə görə, torpaq sürüşməsi hər gün davam edir. Hektarlarla torpaq sahəsi yenidən sürüşməyə məruz qalıb, böyük yarğanlar və çökmələr əmələ gəlib, yeraltı qrunt suları üzə çıxıb. Sürüşmə ərazisindən geçən su borusunun qırılması nəticəsində ətrafa axan su ətrafa sürüşməni daha da aktivləşdirir. Sürüşmə məhəllədaxili yolların dağılmasına səbəb olub və nəticədə avtomobillərin gediş-gəlişində çətinliklər yaranıb.


Qeyd edək ki,torpaq sürüşməsi nəticəsində 48 A məhəlləsində 15 ev qəzalı vəziyyətə düşüb. Nəticədə 7 evin sakinləri müvəqqəti olaraq başqa ərazilərə köçmək məcburiyyətində qalıblar.