Gündəm: 3 vəzifəli şəxs həbs olundu

  • 18.01.2019
  • 0

Ötən gün prezidentin verdiyi fərmanla Azərbaycanda fəaliyyət göstərən bir sıra dövlət qurumlarının səlahiyyətləri məhdudlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, səlahiyyəti əlindən alınan əsas orqanlardan biri Daxili İşlər Nazirliyidir. Belə ki, DİN əvvəllər şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərini həyata keçirirdi.

Bundan sonra isə bu xidmətlər Bakı şəhərində və Azərbaycanın inzibati ərazi vahidlərində fəaliyyət göstərən “Asan Xidmət” mərkəzlərində əhaliyə təqdim ediləcək.

*****

Azərbaycanın bəzi yerlərində notariat kontorları ləğv olunur.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanda əksini tapıb.

Fərmana əsasən, həmin qurumların xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək. 

Belə ki, bundan sonra notariusların həyata keçirdiyi dövlət xidmətləri Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycanın digər inzibati ərazi vahidlərində yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərlə bağlı təkliflərini 3 ay müddətinə Prezidentə təqdim etmək tapşırığı verilib.

*****

Rüşvət almaqda təqsirləndirilən Vergilər Nazirliyinin vəzifəli şəxsləri barədə həbs qətimkan tədbiri seçilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Vergilər Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı açıqlamada qeyd olunur ki, nazirlik yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin dövlət vergi müfəttişləri Qaybalıyev Elçin Musa oğlu və Lətifov Ziyad Arif oğlunun xidməti vəzifələrinin icrası zamanı hüquqazidd əməllərə yol verildiyi aşkar edilib. 

Bundan əlavə, daxil olmuş məlumat əsasında Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi vəzifəsində işləmiş Məmmədov Ağa Arif oğlunun qanunsuz əməlləri ifşa edilib.

Hər iki cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında E.Qaybalıyev və Z.Lətifova Cinayət Məcəlləsinin 311.3.1 və 313-cü (vəzifə saxtakarlığı), A.Məmmədova isə həmin Məcəllənin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

*****

Azərbaycanda 6 günlük iş rejimi ilə işləyən məktəblərdə yanvarın 19-da - şənbə günü dərs olacaq.

Milli.Az xəbər verir ki, bunu report-a cavab olaraq Təhsil Nazirliyindən bildiriblər. 

Qeyd olunub ki, təhsil naziri Ceyhun Bayramovun "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə" əmri yanvarın 17-18-inə aiddir: "Qalan günlərdə təhsil müəssisələrində tədris adi qaydada davam edəcək".

Xatırladaq ki, təhsil naziri C.Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə" əmr imzalayıb. Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq yanvarın 17-si və 18-i ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb. 

*****

Əmək pensiyalarının təyin edilməsi yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək. 

 

Banker.az BakuPost-a istinadla  məlumat verir ki, prezident İlham Əliyevin dünən imzaladığı “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanda əksini tapıb.

Qeyd edək ki, buna qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin strukturlarında da əmək pensiyalarının təyinatı prosesi həyata keçirilib.

*****

Gürcüstanda bu ilin əvvəlindən qızılcaya 335 yoluxma halı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko bildirib.

O deyib ki, ölkədə qızılcaya yoluxma epidemik həddə çatıb və bu xəstəliyə qarşı yeganə mübarizə yolu vaksinasiyadır: “Hökumətin bugünkü iclasında qızılcaya qarşı peyvəndin bütün vətəndaşlar üçün ödənişsiz olması barədə qərar qəbul ediləcək”.

Nazir qeyd edib ki, hökumətdə qızılca epidemiyasının yayılmasına qarşı kompleks tədbirlər müzakirə olunur və bu xəstəliyə qarşı peyvəndin məcburi olacağı istisna olunmur.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda yalnız 40 yaşa qədər olan vətəndaşlar üçün qızılcaya qarşı peyvənd pulsuz olub.

Nə düşünürsən?