Rəsulzadənin yoxa çıxan barelyefi ilə bağlı həqiqət: İstintaq başladı: “Utandım deyim ki…”- Bələdiyyə sədri

  • 17.01.2019
  • 0

Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı evindən barelyefinin çıxarılması ilə bağlı məsələnin gizli məqamları ortaya çıxıb. Qeyd edək ki, iki gündür məsələ mətbuatda və ictimaiyyətdə müzakirə olunur. Hətta lövhənin oğurlandığı da bildirilir. Abşeron Rayon Polis İdarəsi məlumat yayılan kimi lövhənin Novxanı bələdiyyəsi tərəfindən çıxarıldığını bildirib və daha sonra sədr Şahin Tağıyev Cebhe.info-ya açıqlamasında bunu təsdiqləyib. Onun sözlərinə görə, lövhə bərbad və uçuq vəziyyətdə olduğu üçün çıxarıblar. 1 həftəyə onun yerinə mərmər lövhə vurulacaq. Maraqlı məqam ondan ibarətdir ki, məsələ ictimailəşdirildikdən və 2 günlük müzakirədən sonra sonra bələdiyyə lövhənin onlar tərəfindən çıxarıldığını açıqlayıb. Niyə əvvəlcədən ictimaiyyət bununla bağlı xəbərdar edilməyib? Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev Cebhe.info-ya açıqlamasında məsələnin gizli məqamlarına aydınlıq gətirib. Bildirib ki, əslində lövhə oğurlanmışdı: “Mən utandım deyim ki, lövhə oğurlanıb. Çünki xoş olmayan tərəf lövhənin Novxanı sakini tərəfindən oğurlanmasıdır. Lövhə tərəfimizdən tapılıb. Çox bərbad vəziyyətdədir. Həmin şəxs barədə isə axtarış-istintaq gedir. Bildiyimiz qədər, lövhəni oğurlayan şəxs narkomandır. Çox təəssüf edirəm ki, bizim qəsəbə sakini tərəfindən belə bir hal yaşanıb. Buna görə sizlərdən və bütün Azərbaycandan üzr istəyirəm”. Bələdiyyə sədri onu da əlavə edib ki, artıq Məhəmməd Əmin Rəsulzadənin yeni lövhəsinin hazırlanması üçün sifariş verilib. Yanvarın 22-də yeni lövhə yerinə asılacaq.

Nə düşünürsən?