Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması davam etdirilir

  • 17.01.2019
  • 0

Son illərdə yağan aramsız yağıntılar nəticəsində uzunluğu 55 km olan Lənkəran-Lerik avtomobil yolunda çoxsaylı sürüşmə və uçqunlar baş vermiş, yolun bəzi hissələrində nəqliyyat vasitələrinin hərəkəti üçün real təhlükə yaranmışdır. Baş vermiş təbiət hadisələrinin yaratdığı fəsadları aradan qaldırmaq, avtomobil yolunun dayanıqlığını, yük və sərnişin daşınmasının təhlükəsizliyini gücləndirmək məqsədi ilə avtomobil yolunun yenidən qurulması zərurəti yaranmışdır.

Metbuat.az xəbər verir ki, respublika əhəmiyyətli Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ötən il başlanılmış yenidənqurma işləri bu il də davam etdirilir.

Lənkəran-Lerik avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla III texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Hər bir hərəkət zolağının eni 3.5 metr, çiyinlərin eni isə 2.5 metr olmaqla yolun ümumi eni 12 metr təşkil edir.

Yenidənqurma işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı 18 min kv.m sahədə frezlənərək kənara daşınır, 92 min kub.m həcmdə yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır, əvəzinə yol yatağının karxana çınqılı ilə tikintisi işləri görülür. Bundan başqa yol yatağının profilə salınması və normativ eninin alınması üçün xüsusi qrup qrunt daşınaraq yayılır və kipləşdirilir. Torpaq işləri 276 min kub. m həcmdə icra olunur.

Bunun ardınca təqribən 520 min kv.m sahədə yol əsasının 36 sm qalınlıqda alt və üst lay olmaqla qum-qırmadaş və optimal qum-çınqı qarışığı ilə tikintisi işləri aparılır.

Frezlənmiş və torpaq işləri aparılmış ərazilərdə asfaltlanma işləri də görülür. Həmin ərazilərə əlaqələndirici bitum səpilməklə düzləndirici asfalt-beton qatı döşənir. Bunun ardınca isə tikinti norma və standartlarına uyğun olaraq 2 laydan ibarət 12 sm hündürlükdə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənir. Layihəyə uyğun olaraq asfaltlanacaq sahə ümumilikdə 350 min kv.m təşkil edir. Bundan başqa yolun çiyin hissələri də 155 min kv.m sahədə 12 sm qalınlıqda optimal qum-çınqıl qarışığı ilə də bərkidilir.

Lənkəran-Lerik avtomobil yolunun bir-neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu üçün burda yol yatağının əlavə bərkidilməsi işləri görülür. Bunun üçün xüsusi qrup qrunt əraziyə gətirilərək yayılır və kipləşdirilir, avtoqreyderlə 28 min paqon-metr uzunluğunda küvetlər açılır, həmçinin 3200 kub.m dəmir-beton küvetlər inşa edilir.