Natavanın oxuduğu mahnı Eldar Mansurovdan oğurlanıb? — Müqayisə

  • 16.01.2019
  • 0

Tanınmış estrada müğənnisi Natavan Həbibinin son günlər hitə çevrilmiş "Qısqana-qısqana" mahnısı Mübariz Tağıyevin "Bəxt üzüyü" filmi üçün ifa etdiyi mahnıya bənzəməsi ilə diqqət çəkib.

 "Ölkə.Az" sözgedən məsələylə bağlı həm Həbibinin ifa etdiyi mahnının bəstələyən Fərid Kərimlinin, həm də məşhur bəstəkar, xalq artisti Eldar Mansurovun mövqeyini öyrənib. F.Kərimli bildirib ki, "Qısqana-qısqana" onun bəstəsidir və plagiat deyil:

"Melodiyada qətiyyən eynilik yoxdur. Əgər musiqidə altı not üst-üstə düşmürsə, bu, plagiat sayılmır. Mənim həmin mahnıya qulaq asıb oxşatmaq niyyətim olmayıb. Xaricdə deyirlər ki, məsələn, filan mahnını do minordan oxuyaq. Bizdə isə minordan, majordan savayı, muğamımız, öz ladımız, milizmamız var. Janr eyni olduğuna görə, "Qısqana-qısqana" mahnısı Eldar Mansurovun bəstəsinə oxşadılıb. Amma burada oxşarlıq yoxdur. Məsələn, "Ay qız" mahnısıilə "Gözüm yolda qaldı, ay gözəl" mahnılarının melodiyaları bənzəyir.  Belə misalları çox çəkmək olar. Yəni, bu, Azərbaycan musiqisidirsə, eynilik yox, bənzərlik var. Yeddi not var da, nəticədə hara qaçacaqsan ki? Burada lad eynidir, amma Eldar Mansurovun bəstəsinə dəxli yoxdur".

Xalq artisti Eldar Mansurov əməkdaşımızla söhbətində bildirib ki, hər iki bəstəni dinləyəndən sonra münasibət bildirə bilər. Hər iki melodiyanı dinləyən sənətkar deyib ki, melodiyalarda oxşarlıq var:

"Oxşarlıq var, amma eyni mahnı deyil. Mən belə şeylərə öyrəncəliyəm. Bu gün cavanlar bəstələdikləri musiqiləri nə zamansa ordan-burdan eşidiblər, sonra elə bilirlər ki, özləri yazıb. Yenə xarici, yaxud erməni olsaydı, hay-küy qaldırmaq olardı. Özümüzünkü olduğuna görə çox dərinə getmək istəmirəm. 

Eldar Mansurov Fərid Kərimlinin "əgər musiqidə altı not üst-üstə düşmürsə, bu, plagiat sayılmır" açıqlamasını isə belə şərh edib:

"Bu hələ əvvəlidir, belə şeylər Azərbaycanda çox olacaq. Bir azdan deyəcəklər ki, "Qubanın ağ alması"nı da indiki uşaqlar yazıb". 

Nə düşünürsən?