Prezident İlham Əliyev: 2019-cu ildə böyük infrastruktur layihələri həyata keçiriləcək

  • 12.01.2019
  • 0

''Ermənistan-Azərbaycan, Dağlıq Qarabag münaqişəsi ilə bağlı bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu məsələ yalniz ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ermənistan silahli qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır.''

Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev səsləndirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın yürütdüyü uğurlu siyasət nəticəsində Ermənistan regional layihələrdən kənarda qalıb. Bu isə Ermənistan iqtisadiyyatının çökməsinə səbəb olub. Dövlət başçısı Ermənistanda hökm sürən kriminal rejim, rejimin yol verdiyi saxtakarlıqlar və buna göz yuman beynəlxalq təşkilatları da sərt tənqid edib.

Dövlət başçısı bildirib ki, Azərbaycan Ermənistandan fərqli olaraq dinamik inkişaf yolu ilə gedir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin həyat şəraiti ildən-ilə yaxşılaşdırılır.

Ötən ilin yekunlarını şərh edən Prezident İlham Əliyev deyib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı bütün dövlət proqramları uğurla icra edilib.

''Bu gün Azərbaycan iqtisadi inkisaf baxımından heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil''-deyən Prezident İlham Əliyev vurğulayıb ki, ötən il ölkəmizin valyuta ehtiyatları 3 milyard dollar artaraq 45 milyard dollara çatıb.

Dövlət başçısı bildirib ki, 2018-ci ildə 118 min daimi iş yeri yaradılıb. İxracın 36 faiz artması nəticəsində ölkəyə 8,6 milyard dollar vəsait daxil olub: "Ötən il ölkəmizə 2 milyon 850 min xarici vətəndaş gəlib. Bu xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər".

Prezident İlham Əliyev turizm sahəsində bundan sonra da böyük layihələrin həyata keçiriləcəyini bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, ötən il Azərbaycanın 3-cü peyki orbitə buraxıldı, Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu, TANAP layihəsi işə düşdü, Ələt Beynəlxalq Dəniz Ticarət Limani öz işinə başladı. Dövlət başçısı bütün bunları ölkəmiz üçün əlamətdar hadisə adlandırıb.

Ölkənin hərbi potensialını dəyərləndirən dövlət başçısı bildirib ki, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət edilir. Dövlət başçısı Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı böyük işlərin aparıldığını vurğulayıb. ''Ordumuzun arsenalında olan "Polonez" və "LORA" raket sistemləri 300 kilometr və ondan çox məsafəni qət edərək çox yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvə ilə istənilən hərbi hədəfi məhv edə bilər. Düşmənin elə bir hərbi hədəfi yoxdur ki, biz onu dəqiqliklə məhv edə bilməyək'',- deyə Prezident vurğulayıb.

Prezident İlham Əliyev xarici siyasət sahəsində aparılan işləri də yüksək qiymətləndirib. Xarici ölkələrə 16 dəfə səfər etdiyini deyən dövlət başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan ''Tərəfdaşlıq prioritetləri'' sənədinin əhəmiyyətini vurğulayaraq, Azərbaycanın bu ildən Qoşulmama Hərəkatına sədrlik edəcəyini deyib, həmçinin Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan Konvensiyada ölkəmizin mövqeyinin öz əksini tapdığını bildirib.

İclasda qarşıda duran vəzifələrdən danışan Prezident İlham Əliyev 2019-cu ildə də Azərbaycanın uğurla inkişaf edəcəyinə əminliyini vurğulayıb. Dövlət başçısı bildirib ki, 2018-ci ildə xüsusilə vergi və gömrük sahəsində şəffaflığa nail olmaq üçün vacib tədbirlər həyata keçirilib, korrupsiyaya qarşı ciddi mübarizə aparılıb. Prezident İlham Əliyev belə tədbirlərin bu il də davam etdiriləcəyini vurğulayıb.

Prezident İlham Əliyev 2019-cu ildə böyük infrastruktur layihələrinin həyata keçiriləcəyini bildirib.

Dövlət başçısı qeyd edib ki, 2019-cu ildə təxminən 5000 köçkün ailəsinə yeni mənzillər veriləcək. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə isə ən azi 800 mənzil veriləcək. Dövlət başçısının sözlərinə görə, minimum 7000 ailə özünəməşğulluq proqramından faydalanacaq. Prezident qeyd edib ki, içməli su ilə bağlı aparılan işlər nəticəsində 38 şəhərin su məsələsi tam şəkildə öz həllini tapıb. Hazırda 12 şəhərdə işlər gedir, bu il 5 şəhərdə işlər başa çatacaq. 2019-cu ildə "Şimal-2" yeni böyük elektrik stansiyasınin istifadəyə verilməsi gözlənilir. Bu stansiya 400 meqavat enerji istehsal edəcək.

Prezident vurğulayıb ki, investisiya proqramında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulub və minimum 1000 kilometr yeni yol salınacaq. Bu ilin sonunadək Astaradan İran sərhədinə qədər yeni 4 zolaqlı yol çəkiləcək. Bundan əlavə, Sumqayıt-Rusiya sərhədi yolunun tikintisi üçün də vəsait nəzərdə tutulub.

Dövlət başçısı dəmiryolu şəbəkəsinin genişləndiriləcəyini söyləyib. Belə ki, bu il Baki-Yalama, Bakı-Astara dəmir yolunun yenidən qurulması nəzərdə tutulur. "Şahdağ" kurortuna dəmir yolunun çəkilməsi təmin ediləcək. Ləki-Qəbələ dəmir yolunun tikintisi sürətlə davam etdiriləcək.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın yükdaşıma sahəsində potensialından maksimum yararlanmaq üçün Əfqanıstanla danışıqlar aparılıb. Əfqanıstanın "Lapis-Lazuli" layihəsi Bakı-Tbilisi-Qars layihəsi ilə birləşdirilir. Artıq Əfqanistandan ilk yüklər Türkmənistandan Azərbaycana, ordan da Qərb istiqamətinə göndərilib. Orta Asiyanın yüklərinin böyük hissəsini bu istiqamətə cəlb etmək üçün Özbəkistan və Qırğızıstanla da danışıqlar aparılacaq.

Qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının payının yüksək olduğunu deyən dövlət başçısı 2019-cu ildə aqrar sahədə bir sıra layihələrin həyata keçiriləcəyini bildirib. Xüsusilə iri fermer təsərrüfatlarının yaradılması prioritetlərdəndir.

İclasın sonunda Prezident İlham Əliyev 2019-cu ili böyük şair İmaddədin Nəsiminin 650 illik yubileyi ilə bağlı 2019-cu ili "Nəsimi ili" elan edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?