Qızları təhsildən uzaqlaşdıran cəhalət

  • 03.01.2019
  • 0

Ölkənin bəzi bölgələrində qız uşaqlarının təhsili ilə bağlı problemlər qalır.

Bəzi valideynlər qız övladlarını məktəbə buraxmır, yaxud ancaq 4-cü sinfə qədər təhsil almalarına imkan verirlər. 

Qeyd edək ki, bu günlərdə Bakıda keçirilən “Azərbaycanda İnsan Kapitalı üzrə Forum”un panellərində müzakirələr zamanı İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simona Haberli Lənkəran, Lerik və Astaranın əksər məktəblərinin siniflərində bir nəfər də olsun qız şagirdin olmadığını deyib. 

Məsələni təkrar gündəmə gətirən  millət vəkili Qüdrət Həsənquliyev din xadimlərini qadın hüquqlarını  təşviq etməyə çağırıb. 

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında ilahiyyatçı Tural İrfan deyib ki, ölkədə milli görüşlərimizə zidd dini təbliğat müşahidə olunur:

“Ölkəmizin bəzi bölgələrində yad dini cərəyanların təsiri hiss olunur. Qızların təhsildən yayındırılması da bunun nəticəsidir”.  

İlahiyyatçı qeyd edib ki, din xadimləri qız uşaqlarının təhsilini təşviq etməlidirlər:

“Çox təəssüf edirəm ki, ölkədə dinlə məşğul olmalı olanlar xalqın xeyrinə çalışmırlar. Heç gördünüzmü ki, bircə axund xütbəsində qız uşaqlarını təhsilə, elmə, tərəqqiyə səsləsin? Dünyəvi elmlərin vacib olduğunu vurğulasın? Bəzi din xadimləri xalqın övladlarını din adı ilə zəhərləyirlər. İslam dini əslində təhsili vacib sayır, savadı ibadətdən əfzəl hesab edir. Xüsusən də qadınların təhsilinə önəm verir. Ancaq xurafatçı mollalar zaman- zaman qadınları inandırıb rahat istismar etmək üçün onları təhsildən yayındırırlar”. 

Nə düşünürsən?