Erməni əsirliyindən qurtulan hərbçi: "İlk 10 gün ağılasığmaz işgəncələr verirlər"

  • 19.12.2018
  • 0

İlham Əmirov: "Əvvəl ayaqlarımı sındırdılar ki, onların qarşısında diz çöküm, ancaq nail ola bilmədilər, sonra qollarımı, 7 qabırğamı, körpücük sümüklərimi qırdılar"


100 minlərlə soydaşımızı ev-eşiksiz, minlərlə ailəni başsız, 10 minlərlə insanı isə xəstəxana çarpayılarına, əlil arabalarına məhkum edən müharibənin artıq 30-cu ili geridə qalır. Hələ də qeyri-müəyyən formada davam edən bu müharibənin ağrı-acısı hər birimizin həyatında hiss olunsa da, elə insanlar var ki, müharibənin özü, dəhşətləri və nəticəsi onların simasında daha aydın görünür.


Onların gördükləri bütün göstərilənlərdən, yaşadıqları bütün yazılanlardan daha dəhşətli və təsvir edilməzdir. Sputnik Azərbaycan bu gün sizləri belə insanlardan biri ilə tanış edəcək.


İlham Əmirov 1971-ci ildə Mingəçevir şəhərində anadan olub. Orta təhsilini doğulduğu şəhərdə aldıqdan sonra hərbi xidmətə yollanıb. Rusiyanın ən böyük adası olan Saxalində hərbi dəniz qüvvələrində xidmət çəkən İlham, 3 illik qulluğun ardından gələcək həyatını da ora ilə bağlamaq qərarına gəlib və gəmidə işə düzəlib. Lakin başladığı işin elə ilk günlərində qərarını anidən dəyişib.


Televiziyada Şuşanın ermənilər tərəfindən işğalını görən İlham, elə səhəri gün Azərbaycana yola düşüb. Evə gəlməmişdən əvvəl hərbi komissarlığa gedərək, yeni formalaşan milli ordu sıralarına yazılıb. Bir həftəlik təlimdən sonra birbaşa ön cəbhəyə - Qarabağa göndərilib. O, keçdiyi döyüş yolu, düşdüyü əsirlik və orada yaşadığı dəhşətlər barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışıb.


İlham Əmirovun ilk döyüşü Ağdamın Qalayçılar kəndi istiqamətində keçirilən Qazançı əməliyyatı olub. Bundan sonra Ağdərə, Ağdam, Xocalı istiqamətlərində onlarla əməliyyatda iştirak edib. Uşaqlığından idmanla məşğul olması, çevikliyi sayəsində orduda kəşfiyyat-təxribat bölüyünün üzvü olaraq kəşfiyyat məlumatlarının toplanması, düşmənin canlı qüvvəsinin məhv edilməsi, hərbi texnikasının sıradan çıxarılması tapşırıqlarını uğurla yerinə yetirib.


O, əsir düşdüyü günü isə belə xatırlayır: "Heç vaxt yadımdan çıxmaz, ad günüm idi. Əməliyyata getdik, qayıdanda qar möhkəm yağmışdı deyə, bölüyə düşə bilmədik. Üç gün postda qalandan sonra noyabrın 10-da rəhmətlik komandirimiz "Kobra Elsevər" gəlib bizi düşürdü. Mənə gözaydınlığı verdi ki, "İlham, ad günündə gedə bilmədin, hazırlaş, evə gedirsən"".


"Yenicə düşüb yemək yeyirdik ki, döyüş başladı. Rabitəylə bizə əməliyyat tapşırığı verildi. Komandir razı olmasa da, dirəşdim ki, əməliyyata mən də gedirəm. Elə adət etmişdik ki, sanki gedib dükandan bir siqaret, bir şüşə su alıb qayıdırıq. İki saatlıq əməliyyata çıxıb, qayıdandan sonra evə gedəcəyimi fikirləşirdim. Elə oldu ki, yanımda mərmi partladı, kontuziyaya düşdüm. Ayılanda əsir götürüldüyümü gördüm" - Əmirov danışır.

Nə düşünürsən?