Azərbaycan məşhurlarının serial həvəsi: Kim nəyə baxır?

  • 18.12.2018
  • 0

Dünyada, o cümlədən Azərbaycanda seriallara maraq çoxdur. Seriallar ciddi sənət nümunəsi hesab edilməsə də, tamaşaçılarının sayı getdikcə artır. Azərbaycanda da son illər həm dövlət sifarişi, həm də telekanalların öz vəsaiti hesabına seriallar çəkilir. Amma yerli seriallar izləyici sayına görə Türkiyə seriallarına uduzur. Maraqlıdır, bizim məşhurlar hansı serialları izləyir? 

Cebhe TV bu suallarla onların özlərinə müraciət edib. Xalq artisti Ağaxan Salmanlı tarixi mövzuda çəkilən serialları izlədiyini deyib: “Ümumiyyətlə, türk serialları mənim xoşuma gəlir. Düzdür, müasir, gənc filmlərinə o qədər baxmıram. Əsasən tarixi, qəhrəmanlıq və vətənpərvərlik mövzuda çəkilən serialları izləyirəm. Bunların içərisində “Möhtəşəm yüz il”, “Sultan Mehmet”, “1952-ci il”, “Diriliş Ərtoğrul” var. Hazırda isə “Savaşçı”, “Söz”, “Kutlu zəfər”seriallarına baxıram”. 

Əməkdar artist Elza Seyidcahan vaxt məhdudiyyətindən seriallara baxa bilmir: “Son zamanlar serialları izləmirəm. Çünki vaxtım olmur. Amma o vaxt “Kaybolan yıllar” və “Lalə dövrü” seriallarına baxmışdım. Çox xoşuma gəlmişdi, sevirdim o filmləri…Vaxtım olsa “Möhtəşəm yüz il” və “Vətən” seraillarını izləməyə dəyər. Onlar tarixdən xəbər verirlər. Amma anamın sevdiyi seriallar var ki, onlara vaxtı-vaxtında baxır”. 

Müğənni Əli Mirəliyev serialların reallığa uyğun olmadığını, daha çox fantaziya məhsulu olduğunu deyib: “Mən heç bir - nə yerli, nə də türk serialını izləyirəm. Çünki  camaatı aldadırlar. Orada mövzu, maraq yoxdur, aktyorlar təbii oynaya bilmirlər. Baxın bizim “Mədəniyyət” kanalının filmlərinə, görün onların danışıq diksiyası, rolu təbii ifa etmələri, rejissor işi bir-birini necə tamamlayır? İndiki seriallar ancaq lağlağı xarakterlidir”. 

Xalq artisti Firəngiz Mütəllibova bu serilları izləyir: ““Avlu” və “Bir zamanlar Çukurova” seriallarına baxıram. Hər iki filmin mövzusu demək olar ki, eynidir”. 

Xalq artisti Fatma Mahmudova isə yerli seriallara üstünlük verdiyini bildirib: “Türk seriallarından yalnız “Min bir gecə”yə baxmışam və sonadək izləmişəm. “Möhtəşəm yüz il” dən sonra mən seriallara baxmıram. Çünki məni oradakı aktyorların rolu və filmin mövzusu çox qane etdi. Hazırda isə yerli serialları izləyirəm”. 

Tanınmış aktyor Elxan Yunus isə vaxt məhdudiyyətinə görə serialları izləmədini deyib. 

Nə düşünürsən?