Mətbuat Şurası 25 KİV in monitorinqini keçirib

  • 17.12.2018
  • 0

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşəbbüsü ilə "Azərbaycanın media məkanında ədəbi dilin qorunması: problemlər və perspektivlər" mövzusunda konfrans keçirilib.

 

Publika.az-ın xəbərinə görə, tədbirdə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, media qurumlarının rəhbərləri, KİV nümayəndələri iştirak ediblər.

 

Tədbirdə ilk çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, noyabr ayı ərzində qurum tərəfindən 25 KİV-in monitorinqi keçirilib.

 

O bildirib ki, Mətbuat Şurası yaranan gündən Azərbaycan dilinin qorunmasına böyük əhəmiyyət verir: "Mətbuat Şurasının dil üzrə Monitorinq qrupu daim mətbuatda dillə bağlı monitorinqlər keçirir, yanlışlıqlarla bağlı fikirlərini bildirir".

 

Ə. Amaşov qeyd edib ki, Azərbaycan dilinin qorunması ilə bağlı ölkə qanunvericiliyində, qəbul olunan sənədlərdə ciddi şəkildə öz əksini tapıb: "Dilimizin saflığının qorunması və digər məsələlər həmin sənədlərdə mütəmadi olaraq qeyd olunur. Bu kifayət qədər ciddi məsələdir və biz bu məsələləri daim diqqətdə saxlamağa borcluyuq. Dillə bağlı problemlər hamımızın ümumi problemidir. Bu baxımdan çatışmazlıqları düzgün qəbul etməli və bu nöqsanlara yol verməmək üçün çalışmalıyıq".

 

Daha sobra Azərbaycan Mətbuat Şurasının dil üzrə Monitorinq qrupunun rəhbəri İlham Abbasov noyabr ayında aparılan monitorinqin nəticələrini açıqlayıb. O bildirib ki, dilin qorunması ilə bağlı Azərbaycan Prezidenti tərəfindən sənədlər imzalanıb: "Bu prosesə alimlər cəlb olunub. Monitorinqlərə təkcə yazılı deyil, elektron resurslar da cəlb olunub. Belə ki monitorinqə 15 qəzet, 10 sayt cəlb olunub".

 

İ. Abbasov söyləyib ki, aparılan monitorinqin nəticələrinə görə, KİV-lər də leksik pozuntularla bağlı xeyli sayda azalma müşahidə olunsa da, qrammatik pozuntular qalmaqdadır: "Durğu işarələri ilə bağlı nöqsanlar, üslub ifadə formasında müəyyən çatışmazlıqlar hələ də çoxdur”.

 

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyib ki, nəticələrdən gördük ki, səhvlərin çoxu texniki səhv idi. "Məsul katib və korrektor varsa, elə böyük səhvlər olmayacaq. Maliyyə vəziyyətinə görə qəzetlər istədiyi ştatları saxlaya bilmirlər. Monitorinqlərin aparılması üçün media və televiziyada ədəbi dilin qorunması üçün layihələr həyata keçiririk. Səhvlərin aradan qalxması üçün tövsiyələr verilməlidir. Burda məsuliyyət qəzet redaksiyalarına düşür, korrektor ştatında normal adam oturmalıdır".

Nə düşünürsən?