Prezident İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib

  • 13.12.2018
  • 0

''Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. İlk növbədə, bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Biz bu istiqamətdə öz ardıcıl siyasətimizi davam etdirəcəyik'' .

Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə belə deyib.

Ölkə başçısı Ermənistandakı proseslərdən də danışıb və Azərbaycanın ardıcıl, məqsədyönlü siyasətinin kriminal xunta rejimin çökməsində öz rolunu oynadığını bildirib. Ölkə başçısının sözlərinə görə, torpaqlarımızın işğal altında olduğu müddətdə bütün imkanlardan istifadə edilərək Ermənistan təcrid vəziyyətində saxlanılacaq.

''Bizim təşəbbüsümüzlə reallaşan qlobal enerji, nəqliyyat layihələri Ermənistandan yan keçir. Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi surətdə tərk edir, iqtisadi inkişaf üçün heç bir əsas yoxdur, xarici sərmayə qoyulmur, onların beynəlxalq bazarlara çıxışı çox çətinləşib'',- deyə İlham Əliyev qeyd edib.

Prezident 2018- ci ildə dünyada qanlı toqquşmalar, müharibələr, etiraz aksiyaları və digər hadisələrin baş verdiyi halda Azərbaycanda sabitliyin, təhlükəsizliyin təmin edildiyini, ölkəmizin öz yolu ilə uğurla getdiyini və qarşıda duran bütün vəzifələri icra etdiyini bildirib.

Ölkə başçısı Azərbaycanın beynəlxalq nüfuzunun da artıdığını, beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi əks etdirən bir çox qərar və qətnamələrin qəbul olunduğunu bildirib və ötən gün Bakıda Rusiya və NATO-nun ali hərbi rəhbərlərinin görüşünün artan nüfuzun əyani göstəricisi olduğunu bildirib.

''Dünyada BMT-yə üzv olan 200-ə yaxın ölkə var və bu ölkələr arasında bu görüş məhz Azərbaycanda keçirilir. Avropada 50-yə yaxın ölkə var, ancaq bu görüş Azərbaycanda keçirilir. Nəyə görə? Bunun bir neçə səbəbi var. İlk növbədə, bizə olan inam. Azərbaycan çox etibarlı tərəfdaşdır, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, verdiyimiz hər bir sözə əməl edirik və sözümüzün arxasında dayanırıq'',- deyə prezident İlham Əliyev qeyd edib.

Ölkə başçısı Azərbaycanın iqtisadi sahədə bütün vəzifələri uğurla icra etdiyini, iqtisadiyyatımızın artdığını və sosial məsələlərin öz həllini tapdığını, nəqliyyat və neft-qaz sahələrində tarixi nailiyyətlər əldə edildiyini bildirib.

Turizm sahəsindən də danışan prezident İlham Əliyev turistlərin sayının 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 11 ayında isə 6 faizdən çox artdığını bildirib. O, əvvəlki illərə nisbətdə artımın bir qədər aşağı olmasına baxmayaraq əsas bazanın artdığını bildirib. Yəni, hər il, bundan sonrakı ildə bu yüksək artımı əldə etməyin daha çətin olacağını qeyd edən prezident, bu istiqamətdə də çox ciddi işlərin aparıldığını bildirib.

Ölkə başçısı ölkəmizdə keçirilən Formula 1 yarışının turist sayının artımında böyük rol oynadığını bildirib.

İdmançılarımızın il ərzində əldə etdiyi uğurlardan da danışan prezident, bu il ərzində beynəlxalq yarışlarda 800-ə yaxın medal əldə edildiyini bildirib və gələn il Bakıda Futbol üzrə Avropa Liqasının final görüşünün keçiriləcəyini qeyd edib. O, bu qərarın verilməsində ölkənin ümumi inkişafı, mövcud olan infrastruktur, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi və digər amillərin böyük rol oynadığını bildirib.

Sonra Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2018-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. Sonda isə prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?