FAO Azərbaycanda yeni layihələr həyata keçirəcək

  • 13.12.2018
  • 0

Dekabrın 13-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birgə seminar təşkil edib.

AZƏRTAC xəbər verir ki, seminarda "Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi", "Azərbaycanda iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərinin yaradılması vasitəsilə heyvandarlığın inkişaf etdirilməsi" layihələri müzakirə olunub.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, Azərbaycan FAO-nun ən önəmli tərəfdaşlarından biridir və bu əməkdaşlığı inkişaf etdirmək istiqamətində çox səmərəli işlər görülür.

“Azərbaycan üçün qida təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir və bu baxımdan adı çəkilən layihələrin önəmi böyükdür. Həyata keçirəcəyimiz layihələr ölkədə kiçik və orta fermerlərin məhsuldarlıq göstəricilərinin yüksəldilməsinə, bazara çıxış imkanlarının yaxşılaşdırılmasına və gəlir səviyyəsinin artırılmasına kömək edəcək. Hər iki sahə ixracyönümlü sahədir. Biz Azərbaycanda məhsuldarlığın yüksəlməsini və istehsal olunan məhsulların ixracında artıma nail olmasını arzu edirik”, - deyə M.Çakmak bildirib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev də heyvandarlıq sahəsində məhsuldarlığın artırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, qoyunçuluq və iribuynuzlu heyvandarlıq sahəsində məhsuldarlığın artırılması istiqamətində FAO ilə əməkdaşlıq edilir. “Bu layihələr FAO-Azərbaycan əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilir. Onların 3 il ərzində həyata keçirilməsi nəzərdə tutulur və hər birinin dəyəri 1,3 milyon ABŞ dollarıdır. FAO ilə qarşıdakı illərdə daha 4 layihənin icrasına başlayacağıq. Hazırda həyata keçirilən iki layihənin əhəmiyyəti ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, təbii resurslardan istifadənin optimallaşdırılmasıdır”, – deyə Mirzə Əliyev vurğulayıb.

Sonra maldarlıq və qoyunçuluq üzrə layihələrin təqdimatı keçirilib.

Nə düşünürsən?