11 yaşlı Tufanın məktubu hər kəsi kövrəltdi

07.12.2018 | 37 | 0

11 yaşlı Tufanın Şaxta Babaya məktubu sosial şəbəkələrdə maraqla qarşılanıb. “Qafqazinfo” xəbər verir ki, Masallı rayonunun Bədalan kənd sakini şaxta babaya yazdığı məktubda atasından sonra anasını da itirdiyini və bu səbəbdən çox kədərli olduğunu bildirib.

Davamında yazır:

“Çox darıxıram. Bilirəm sən gətirə bilməzsən onları. Amma az da olsa, sevindirə bilərsən məni. Mən heç nə yazmıram. Sən nə istəsən gətirərsən”.

Məktub Güvən Xeyriyyə və Dostluq Cəmiyyətinin “Şaxta baba sən ol” layihəsi ilə bağlı göndərilib. Layihə rəhbəri Nigar Bayramlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən aksiya 3 ildir ki, davam etdirilir:

“Hər il olduğu kimi bu il də uşaqlar şaxta babaya müxtəlif məktublar yollayıb. Biz həmin məktubları  “Hard Rock Cafe”də yolkadan asırıq. Kömək etmək istəyənlər məktubu götürür, uşağın istədiyi hədiyyəni alıb məktubla birlikdə bizə verir. Məsələn, ötən il 1 ailə 10 məktubda arzulanan hədiyyəni almışdı, cəmi iki günə hədiyyələr yığıldı. Biz məktubların hamısını səhifədə paylaşmışdıq. Necəsə oldu, bu məktub sosial şəbəkədə yayıldı. Hazırda həmin məktubları təhvil vermişəm, heç məndə də deyil. Tezliklə yolkadan asılacaq”.

Nigar xanımın sözlərinə görə, hədiyyələrin il sonuna kimi toplanması planlaşdırılıb. Yanvarın 15-nə kimi isə kəndlərdə uşaqlara paylanılacaq.

 Təhsil Nazirliyi də Tufanın məktubuna biganə qalmayaraq Yeni ildə şagirdi ziyarət edib ona öz sovqatlarını verəcəyini bildirib.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkədə məlumat yayıb:

“Sosial şəbəkələrdə və saytlarda Masallının Bədəlan kəndindən olan, hər iki valideynini itirmiş 11 yaşlı Tufanın Şaxta babaya məktubu yayılıb. Bununla bağlı bildirmək istəyirəm ki, Əşrəfov Tufan Bağır oğlu Masallının Dəmirçi kənd ümumi orta məktəbinin 7-ci sinif şagirdidir. Özü Bədəlan kəndindəndir. Məktəbdən verilən məlumata görə, nümunəvi şagirddir, dərslərini yaxşı oxuyur. Tufan dayısının və babasının himayəsində yaşayır. Təhsil Nazirliyi Yeni il ərəfəsində Tufanı ziyarət edəcək və öz sovqatı ilə onu sevindirəcək”.

Nə düşünürsən?